Koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi üçün ölkədə modul tipli xəstəxanaların inşası davam etdirilir. Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq, işlər tam sürəti ilə həyata keçirilir. Artıq növbəti səhiyyə ocağının bünövrəsi ölkənin ikinci böyük şəhərində qoyulub.
Ölkədə sayca 6-cı modul tipli xəstəxananın inşasına Gəncədə start verilib. Təxminən 10-12 günə yaxındır ki, təməl qoyulub, tikinti işləri davam etdirilir. Xəstəxanın təxmini may ayının sonu, iyun ayının əvvəli istifadəyə veriləcəyi gözlənilir.
Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına yaxın ərazidə inşa olunan binanın artıq beton örtüyü döşənib, əraziyə su, təbii qaz və elektrik xətti çəkilib. Tibb müəssisəsi 3 bölmədən ibarət 100 palatalıq olacaq. Quraşdırılan palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz ediləcək. Modul tipli xəstəxana 200 çarpayılıqdır.
Səhiyyə ocağı bölmələrarası daxili keçidi təmin edəcək şəkildə, 2700 kv/metr ərazidə quraşdırılır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov modul tipli xəstəxananın tikildiyi ərazidə olub, işlərin gedişatı ilə maraqlanıb. Şəhər rəhbəri tikinti-quraşdırma prossesinin sürətləndirilməsi istiqamətində öz tapşıq və tövsiyyələrini verib.
Gəncədən əvvəl Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və ətraf ərazilərdə belə tibb müəssisələrinin inşasına başlanılıb. Onların tezliklə istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə isə, ölkə üzrə 10 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub.
- Baxış: 1374