• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2527
— 01.05.2020 20:02

Daşınmaz əmlak bazarında vəziyyət

KepezTV Player

İqtisadiyyatın əksər sahələrinə zərər verən koronavirus pandemiyası daşınmaz əmlak bazarından da yan keçməyib. Xüsusi karantin rejimində qoyulan məhdudiyyətlər bütün ölkədə olduğu kimi Gəncədə də həm evlərin kirayə və alqı-satqısına, həm də iaşə obyektlərinin icarəsinə mənfi təsir edib. Mövcud durum tikililərin qiymətlərində də hiss olunur. Qarşıda əmlak bazarındakı vəziyyətlə bağlı materialımız var.

İnfeksiyayla əlaqədar martın əvvəlindən daşınmaz əmlak bazarında baş verən durğunluq hələ ki, ürəkaçan heç nə vəd etmir. Gəncədə cari ilin ilk iki ayı ilə müqayisədə mart və apreldə evlərin alqı-satqı və kirayəsi demək olar ki, yox səviyyəsindədir. Bunun da əsas səbəbi koronavirusla bağlı bir sıra insanların Nizami yurdunu tərk etməsidir. Tələbələr, şirkət işçiləri və əcnəbi vətəndaşların yaşadıqları ərazilərə qayıtması bazara təsir edən ən mühüm amillərdəndir. Eyni zamanda daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi də müşahidə olunur ki, bu da təbiidir. Satış qiymətində 2-3 min manat arasında müşahidə edilən azalma, kirayə mənzillərdə 50-100 manat civarında özünü göstərir. Yaşayış sahələri ilə yanaşı, xəstəlik şəhərin müxtəlif ərazilərində yerləşən obyektlərin icarəsində də özünü büruzə verib.

Mütəxəssislərin fikrincə durğunluq dövrü karantin rejimindən asılı olacaq. Daşınmaz əmlak bazarında qiymətlərin enməsi isə avqustun axırı, sentyabrın əvvəlinə qədər davam edəcək.