Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada yarışlar təxirə salınsa da, bir çox idman federasiyaları onlayn turnirlər təşkil edir. Ölkəmizdə də bu yöndə atılan addımlar çərivəsində sabah Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku start götürəcək. Yarışda gəncəli iti zəka sahibləri də qüvvəsini sınayacaq ki, onlar arasında qrossmeyster Ülviyyə Fətəliyeva da var.
Uzun müddətdir yarışlara qatılmayan Nizami yurdunun təmsilçisi "Chess24.com" portalında qeydiyyatdan keçməklə turnirdə iştirakını təsdiqləyib. Milli komandamızın üzvü televiziyamıza müsahibəsində ölkə kubokunun keçirilməsinə münasibət bildirib. Xanım şahmatçı İsveçrə sistemi üzrə 17 turdan ibarət olacaq yarışın təşkilini müsbət qiymətləndirib.
Klassik növdən fərqlənən birincilikdə qalib gəlməyin çətin olduğunu deyən Ülviyyə Fətəliyeva yarışın heç də digər turnirlərdən geri qalmadığına diqqət çəkib.
Qeyd edək ki, ölkə kubokunda Ülviyyə ilə yanaşı Gəncənin başqa tanınmış iti zəka sahibləri Səbinə İbrahimova və Vüqar Rəsulov, həmçinin yeniyetmə idmançılar da mübarizə aparacaq. Ümumi mükafat fondu 15000 manat olan turnirdə qalib 3000, ən yaxşı nəticə göstərən qadın şahmatçı isə 1000 manat əldə edəcək.
- Baxış: 620