• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 06.04.2020 15:44

"Süni qiymət artımı olarsa, bu işdə əli olanlar ciddi cəzalandırılacaq"

KepezTV Player

Koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. İndi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranıb və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında deyib ki, bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarıb və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Prezident İlham Əliyev xəbərdarlıq etdi. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək.

Ölkədə bu günə qədər 45 min test keçirildiyini deyən dövlət başçısının sözlərinə görə, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test edib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

Hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Prezident İlham Əliyev vurğulayıb ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

İqtisadi sabitlik və məşğulluqla bağlı problemlərin həlli üçün 2,5 milyard manat ayrılacaq)) Azərbaycanda koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Dövlət başçısının sözlərinə görə, ilkin mərhələdə bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılması nəzərdə tutulsa da, sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərib. Buna görə də ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür.

Prezident İlham Əliyev bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!