Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması Şəmkirdə də diqqət mərkəzində saxlanılan məsələdir. Mövcud vəziyyətdə əhalinin ərzaq təminatı, marketlərdə süni qiymət artımına yol verilməməsi də vacib sayılan şərtlərdəndir. Rayonda bu baxımdan vəziyyətlə İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov maraqlanıb.
Şəmkirdə fəaliyyət göstərən marketlərdə ərzaq məhsullarının çeşidi, keyfiyyəti və qyməti ilə yaxından tanış olan icra başçısı ölkədəki vəziyyətlə əlaqədar sahibkarlara çağırış edib. Vətəndaşlara qarşı daha həssas olmaq və ərzaq bolluğunu təmin etmək əsas məqsəddir.
Rayon rəhbəri vətəndaşların, eləcə də marketlərdə çalışanların sağlamlığı baxımından gigiyenik qaydalara əməl olunmasının da vacibliyini sahibkarların diqqətinə çatdırıb.
Marketlərin anbarlarında ehtiyat saxlamaq, satış piştaxtalarında bütün növ ərzaq məhsullarının bolluğunu təmin etmək qəti tələbdir. Yoxlamalar bu istiqamətdə çətinliyin olmadığını deməyə əsas verir. Elə sahibkarlar da bunda maraqlıdır və xüsusi karantin rejimi dövründə əhalinin tələbatının ödənilməsi baxımından heç bir problemin yaşanmadığını deyirlər.
Elşən Hüseynov sahibkar: Son aylarda qiymət dəyişikliyindən söhbət belə gedə bilməz. Bir ay iki ay bundan əvvəl qiymət neçə olubsa indidə elədir. Anbarda kifayət qədər əhalini ödəyəcək malımız var. Hətta Şəmkir rayonuna bir ay belə mal gəlməsə biz Şəmkir əhalisini təmin edə biləcəyik.
Bu kimi yoxlamalar tək rayon mərkəzində deyil, qəsəbə və kəndlərdə də aparılacaq. Şəmkir rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qiymətləri süni şəkildə qaldıran və əsasız səbəbdən məhsul qıtlığı yaradanlara qarşı ciddi tədbirlər görüləcək.
Natiq Hüseyn
- Baxış: 502