Hər bir xidmət özlüyündə məsuliyyətli və maraqlıdır. Vəkil peşəsi də çoxları üçün cəlbedici, maraqlı görünsə də, ağır zəhmət və uzun zaman tələb edən peşədir. Vəkilin hər şeydən əvvəl ali hüquq təhsilli olmalı, hadisələr və prinsiplər arasında əlaqə qura bilmə qabiliyyətinə malik olmalıdır. Bunu sakinlər deyir.
Amil Namazov şəhər sakini:Vəkillər vətəndaşlara şəffaf şəkildə xidmət göstərməlidir. Bunun üçün də birinci növbədə sağlam vətəndaş cəmiyyəti olmalıdır. Düşünürəm ki, vətəndaşlar daha da maarifləndirilsə, vəkillər daha yaxşı fəaliyyət göstərə bilərlər. İş təkcə vəkillərin üstünə düşmür. Həm vətəndaşlar, həm də hakimlər bu məsələdə fəal olmalıdır.
Gülnarə Əliyeva şəhər sakini:Vəkillər xalqı müdafiə etməlidirlər. Ali qanunvericiliyə riayət etməlidirlər. Hər bir şey qanun çərçivəsində həyata keçirilməlidir. Vəkillərə müraciət etmək faydalıdı, çünki hamı qanunları yaxşı bilmir. Vicdanlı vəkillər hər zaman insanlara dayaq olur. Əsasən də bank əməliyyatları ilə bağlı məsələlərdə vicdanlı vəkillərin dəstəyi lazım olur.
Yeni qanunvericiliyin öyrənilməsi, problemlərin və məsələlərin hüquqi aspektlərinin dərk edilməsi, onların təhlil edilməsi vəkillərin əsas vəzifələrindəndir. Vəkillərə müraciət edərkən insanlar təmkinli olmalı, prosesin yekununu səbirlə gözləməlidirlər.
Mətləb Abdullayev ziyalı:Birincisi vəkilin hüquq üzrə təhsili olmalıdır. Daha sonra praktikası olmalıdır. Hər bir vətəndaşın borcudur ki, iddia qaldırıbsa, həmin iddia da səbirli olmalıdır. İddianın da sonunu, məhkəmənin qərarını gözləməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, bütün vətəndaşların hüquq və azadlıqları dövlət tərəfindən qorunur.
Vəkil müstəqil olduqda kənar təzyiqlər qarşısında möhkəm dayanır, düzgün qərarların qəbulunda daha qətiyyətli olur. Bu mənada vəkilin peşəkarlığını şərtləndirən əsas amillərdən biri kimi onun müstəqilliyi mühüm atribut olaraq dəyərləndirilməlidir.
Səadət Seyidli vəkil:Vəkil fəaliyyəti elə bir fəaliyyətdir ki, onlar insanlara istənilən mövzuda müraciət etməyə çalışırlar. Bunun üçün müəyyən qanunvericilik aktlarına, qanunvericilik normalarına istinad edirlər. Ailə-məişət zəmnində yaranan münaqişələrlə bağlı müraciətlərimiz çoxdur. Boşanma, yəni nikahın pozulması, aliment tələbi, uşaqların ölkədən xaricə çıxarılması üçün razılıqların alınması ilə əlaqədar məhkəmələrdə iddiaların qaldırılması kimi müraciətlər daha çox olur. Vəkil, hakimnən, daha sonra polis yaxud da prokurorluq orqanlarının işçisi ilə olan münasibətlərinin korlanmasından qorxmursa da, bu elə vəkilin prinsipiallığı deməkdir.
İnsanlar hüquqlarının müdafiəsi ilə bağlı vəkillərə müraciət edərkən onların da insan olmasını nəzərə almalıdırlar. İnsanlar öz hüquqlarını bilməsə də, öyrənməyə cəhd etməlidirlər.Necə deyərlər, “bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.”
- Baxış: 254