Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb. İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 51 yaşlı qadın səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzliyi aşkar olunub.Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
- Baxış: 255