Bu gündən "Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayıb. İlk dərs V siniflərin riyaziyyat fənninə həsr olunub. Teledərslər fasilələrlə saat 16:00-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Belə ki, ibtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir. Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq. **Təhsil naziri Ceyhun Bayram deyib ki, orta məktəblərdə şagirdlərin buraxılmış dərslərin əvəzinə keçirilən videodərsləri nə qədər mənimsəyə bilməsi, bu sahədə neçə faiz boşluğun olması ilə bağlı daha ətraflı məlumatın əldə edilməsi məqsədilə tədris bərpa olunduqdan sonra məktəblərdə seçmə üsullarla qiymətləndirmə həyata keçirilə bilər. Onun sözlərinə görə, bu, tədris müddəti bərpa olunduqdan sonra buraxılmış dərslərin hansı formada kompensasiya edilməsi ilə bağlı son qərar verilməmişdən əvvəl həyata keçiriləcək.
- Baxış: 336