• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 10.02.2020 17:37

Çin istehsalı olan smartfonların satışında qiymət artımına rast gəlinmir

KepezTV Player

Koronavirus Azərbaycanda Çin istehsalı olan smartfonların qiymətlərinə təsir edibmi? Satış məntəqələrində məhsulların və ehtiyyat hissələrinin qıtlığı bəs necə yaşanırmı? Ətraflı Valeh Anaroğlunun hazırladığı materialda.

Tələbin stabil qalaraq, təklifin isə azalması səbəbindən bazar iştirakçılarının əksəriyyəti bu fürsətdən istifadə edib, qiymətləri qaldırırlar. Süni olan bu artım bir sıra səbəblərin təsirinə məruz qala bilir. Hazırkı vəziyyətdə Çindən idxal olunan məhsullarla bağlı ehtiyatlılığın mobil cihazların satışına necə təsir etdiyini araşdırmışıq.

Natiq Abdullayev - alıcı: Çindən gələn məhsullar məndə elə də narahatçılıq yaratmır. Məncə bu məsələ tezliklə həllini tapacaq. Düzdü, sifariş də edirik. Ancaq yerli mal və məhsullara daha çox üstünlük verirəm. İnsanlarımıza da səslənirəm ki, narahat olmayın.<br>

Hüseyn Axundov - alıcı: Elə viruslar var ki, heç kimə bulaşmır. Öz-özünə ölür. Lazımi gigiyenik tədbirlər görülsə təhlükə görmürəm. Gigiyenik məsələdir. Etibarlı firmadırsa, inanmıram ki telefondan kiməsə keçə. Ataların bir sözü var, tədbirli igidin anası ağlamaz. Tədbirli olmalıyıq. Sifarişi etmək lazımdır. Ancaq etibarlı firmadan etməliyik.

İstehsalçılar işləmədikləri müddətdə dəyən ziyanı məhsulun qiymətinə əlavə etməyə can atırlar. Bu isə o deməkdir ki, smartfonların həm komponentlərin, həm də hazır məhsulun qiymətində artım ola bilər. Ancaq tədarük olunan məhsulların çox olması, qiymət artımına təkan vermir.

Elsevər Cəfərov - satıcı: Koronavirusla bağlı bir problemli müraciət etməyib müştərilər. Alqı-satqı davam edir. Hamı gəlir, maraq yaxşıdır. Müştərilərimizin narazılığı yoxdur. Qiymətlərimiz də stabildir. Hər şey normaldır. Telefonlarımız çoxdur.

Hazırda yerli idxalçılar alternativ variantlar axtarır və artıq ölkəyə Hindistanda istehsal olunan məhsullar da gətirilir. Bu cihazlar keyfiyyət baxımından geri qaldığından ekspertlər alıcılara telefon alarkən diqqətli olmağı məsləhət bilir.

Fariz Abbasov - ekspert: Həqiqətdir ki, insanlarda Çində yayılan virusla bağlı müəyyən suallar yaranıb. Hal-hazırda Hindistan istehsalı olan telefonlar gəlir. Lap əvvəllər də məhsullar gəlirdi Hindistandan. Ancaq virusla bağlı Hindistandan məhsullar indi daha çox gətirilir. Bu mənada qiymətlər fərqlənə bilər. Ancaq qiymətlər standartdır. Bazarda hazırda mövsümlə əlaqəli olaraq maraq aşağıdır. Ancaq satışda problem yoxdur. Ola bilsin psixoloji təsəvvür yaranır insanlarda. Ancaq narahat olmasınlar.

Çində koronavirusun yayılması telefon istehlakçılarını müəyyən qədər qorxuya salsa da bu qiymətdə artımla nəticələnməyib. Lakin qiymətin keyfiyyətin aşağı düşməsi hesabına sabit qalması da normal hal deyil. Ancaq mütəxəssislərin sözlərinə görə, Çindən istehlak olunan məhsulların qiyməti artmayıb və sağlamlığa heç bir təhlükəsi yoxdur.