Dövlət İmtahan Mərkəzi tərəfindən xəbərdarlıq. Abituriyentlər, orta məktəb şagirdləri üçün xüsusi əhəmiyyət kəsb edən tarix yaxınlaşır. Söhbət özüylə bərabər stress, həyəcan, yorğunluq gətirən imtahanlardan gedir. Bu amillər imtahanın nəticələrinə də təsir edir. Və bu təsir heç də müsbətə doğru olmur. Bəs, nə etməli? Bu psixoloji gərginlikdən, stresdən necə qurtulmaq olar? Valideynlər bu situasiyada necə davranmalıdır? Mövzunu əməkdaşımız Nazənin Zaman araşdırıb, izləyək.
Abituriyentlərdən fərqli olaraq, psixoloqlar imtahanqabağı yaranan stress və həyəcan faktorunu birbaşa məsuliyyət hissi ilə əlaqələndirir.
Zahid Tağıyev - psixoloq: Əslində bu stressin olması normaldır. Bəzi insanlar bundan qurtulmağa çalışır. Amma buna ehtiyac yoxdur. Müəyyən dərəcədə stressin olması labüddür. O artıq olarsa problemlər yaradır. Biz bunu kontrol etməliyik...
Məsələdə valideynlərin də üzərinə böyük yük düşür. Çoxlarının doğru hesab etdiyi "Mən sənə güvənirəm, bacaraqcaqsan" ifadəsi sən demə, əksər abituriyentdə əlavə stress yaradır.
Qənirə Əsgərova - Təhsil İdarəsinin metodisti: Sən mütləq qəbul olmalısan, oxumalısan. Bu faciə deyil. O qədər gözəl sənət, peşələr var. Hamı ali təhsilli olmalı deyil ki...
"Bu bir imtahandır. Ümid edirəm ki, nəticən yaxşı olacaq. Amma onu bil ki, imtahan nəticəsindən asılı olmayaraq, sən mənim övladımsan və mən səni çox sevirəm." Valideynlər bu yolla övladlarını stressdən azad edə bilərlər.
Zahid Tağıyev - psixoloq: Abituriyentlər düşünməlidir ki, bu sadəcə imtahandır. Həyatanın sonu deyil. Stressin olmaması üçün təbii sakitləşdirici istifadə edib, eyni zamanda psixoloq konsultasiyalarına gələ bilərlər.
İstənilən halda, imtahan hər bir insanın həyatında ən vacib məqamlardandır. Yaxşı nəticə əldə etmək üçün bu ərəfədə orqanizmimizi tam səfərbər etməliyik. Həyatlarında ilk ciddi sınaq olduğu üçün şagirdlərin, abituriyentlərin valideynləri, müəllimləri bu işdə onlara kömək olmalıdırlar. İlk növbədə - mənəvi dəstək formasında...
- Baxış: 342