Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyiniə, məktəbdə hər bir şagirdin uğurlu təlimini təşkil etməyə hesablanıb. Normal şəraitin yaradılması, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyəti və ünsiyyət bacarıqlarının inkişafı da qaydalarda öz əksini tapıb. Amma sadalananların hansı hallarda pozulması şagirdin məktəbdən xaric olmasına əsas yarada bilər. Bugün bunu araşdırmışıq.
Eldar Qurbanov şagird: Qaydalara riayyət etmək lazımdır. Müəllimlərin sözünə baxmaq lazımdır.Yaxşı qiymətlər almalıdırlar. Dəcəl olmasın yaxşı oxusunlar ki, onları məktəbdən qovmasınlar
Daxili intizam qaydaları məktəbə buraxılış qaydalarını və məktəb ərazisində davranış qaydalarını müəyyən edir. Bu qaydalar Təhsil Qanunu, təhsil məsələləri üzrə digər normativ aktlar, Ümumtəhsil məktəbinin Nizamanməsi əsasında qəbul olunub. Hazırkı qaydaların təsiri bütün şagirlərə, onların valideynlərinə, həm dərs zamanı, həm dərsdənkənar dövrdə məktəbin ərazisində olan digər vətəndaşlara aiddir.
İlhamə Ələkbərova valideyn: Bir valideyn kimi məktəblə sıx təmasdayıq. Sıx əlaqədəyik. Hər zaman da uşağımızı izləyirik. Belə bir atalar sözü var, "Uşağı buyur, dalınca yüyür". Hansı istiqamətdə olmasından asılı olmayaraq, uşağı izləmək lazımdır.Onlar bugün şagirddirlər, gələcəkdə ölkəmizin fəal vətəndaşlarıdır.
Dərs prosesi pozulursa, müəllim, sinif rəhbəri, məktəb direktoru günahlandırılır. Ancaq məsələnin mahiyyətinə varılmır, nəzərə alınmır ki, gec tərbiyə olunan uşaqlar sinifdə 20-25 uşağın tədrisini pozur, bir uşaq sinifdə tədris prosesini korlayır. Qanunvericilikdə buna qarşı hansı inzibati tədbirlər nəzərdə tutulub? Dərs prosesini pozan şagirdlər üçün hansısa inzibati cəzalar nəzərdə tutulurmu?
Afət Cəmilova direktor müavini: Şagirdlər məktəbdən nə vaxt qovula bilər? Ümumiyyətlə şagird məktəbdən qovulmaz. Məktəb tərbiyə ocağıdır.Qovmaq çox asandır. Həmin şagirdi tərbiyə edib, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişdirmək müəllimin borcudur. Ən son anda, artıq o şagird ki, qoyulan tələblərin heç birini yetirmirsə, tabe olmursa, onun tərbiyəsi ilə məşğul olmaq üçün ayrıca müəssisələr var.
Məsələ ondadır ki, cəza tədbirləri heç bir müsbət nəticə vermirsə, onu növbəti sinfə adlatmaq şagirdin məsuliyyətini daha da azaldır - onda "oxusam da, oxumasam da, onsuz da növbəti sinfə keçirəcəklər" düşüncəsi yaradır. Buna görə də məsələyə fərqli yanaşma formalaşmalı, yeni forma və metodlar tətbiq edilməlidir. Ekspertlər deyir ki, məktəblərdə zəif oxuyan, ayrı-ayrı fənlərdən nəticə verməyən şagirdlər üçün əlavə məşğələlər, fərdi saatlar təşkil etmək mümkündür.
Təhsil qanunvericiliyinə əsasən təhsilin əsas məqsədi sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
- Baxış: 3032