Gəncəli sərbəst güləşçilər Azərbaycan yığmasının heyətində Türkiyədə beynəlxalq turnirdə iştirak ediblər. Yaşar Doğunun xatirəsinə həsr edilən ənənəvi yarışda Nizami yurdunun 3 yetirməsi qüvvəsini sınayıb.
Onlardan Turan Bayramov kişilər arasında iştirak etdiyi birinci yarışda özünü doğrultmağı bacarıb. 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçi bürünc mükafat qazanıb. İlk görüşündə uduzsa da, rəqib finala çıxdığından Bayramov üçün medal şansı yaranıb. Təsəlliverici mərhələyə qatılan Turan iki qarşılaşmada qalib gələrək fəxri kürsüyə yüksəlib.Təəssüf ki, pəhləvanlarımız üçün ilin ilk sınağında Gəncə güləş məktəbinin digər iki yetirməsi medalsız qalıb. 6 aylıq fasilədən sonra xalçaya dönən olimpiya çempionu Toğrul Əsgərovun qayıdışı uğursuz alınıb. Düzdü, Əsgərov 74 kq-da ilk iki görüşdə təcrübəsini ortaya qoyaraq rəqiblərindən üstün olub. Amma yarımfinalda uduzub. Belə də o, bürünc mükafat üçün təsəlliverici mərhələyə qoşulması olsa da, zədəsini səbəb gətirərək güləşməyib. Yığmanın tərkibində yer alan daha bir gəncəli güləşçi Ruslan Qasımov isə 61 kq-da ilk görüşdəcə məğlub olmaqla mübarizəni erkən dayandırıb.
- Baxış: 469