• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 25.12.2019 19:55

İsmayıl Şıxlının xatirəsinə

KepezTV Player

Koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılıq... Söhbət, Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazan söz ustalarından biri, İsmayıl Şıxlıdan gedir. İctimai xadimin nəsrinə xas olan səciyyəvi cəhətlər, azərbaycançılıq məfkurəsi sadalananlarla yekunlaşmır və xalq yazıçısının əsərləri bu gün də hər kəs tərəfindən böyük maraqla oxunur. Gəncədə barəsində təqdim olunan filmdə yazarın bu kimi keyfiyyətləri qabardılıb.

İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması haqqında ölkə başçısının imzaladığı sərəncama müvafiq olaraq, tanınmış ədəbiyyatşünasın həyat və yaradıcılığından bəhs edən sənədli filmin təqdimatı olub. Aranfilm tərəfindən istehsal olunan "Ölən dünyanın yaddaşı" adlı ekran işində xalq yazıçısının "Ölən dünyam" əsərinin ruhu ifadə edilib. Ənənəvi film üslubunda lentə alınmayan "Ölən dünyanın yaddaşı" fərqli strukturu ilə diqqət çəkir. Xronometrajı 21 dəqiqə olan film cəmi 1 dubla çəkilib.

Elçin Şıxlı - İsmayıl Şıxlının oğlu: Bakı-Gəncə sürət qatarına minilib, Yevlaxacan film çəkilib. İki əsas qəhrəmandır. Birini qardaşım oynayıb, ikinci əsas rolu əslən azərbaycanlı olan məşhur türk aktrisası Nəsrin Cavadzadə. Pulsuz-parasız gəldi, film çəkilişindən 3 günlük boş vaxtı var idi, gəldi mindik qatara çəkdik, yola saldıq.

Sözügedən filmin əsas qəhrəmanlarından birini İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı canlandırıb. Yazıçının digər oğlu Elçin Şıxlı isə ekran işinin çəkilişlərində yaxından iştirak edib. Bəddi rəhbəri Tahir Tahiroviç olan filmin ssenari müəllifi və rejissorluğunu Arif Əliyev üstələyib.

Arif Əliyev - “Yeni nəsil” jurnalistlər birliyinin sədri: Film bir az böyük səslənir, bu əslində bir ovqatdır. İsmayıl Şıxlının nəhəng yaradıcılığının nəhəng əsərinin kiçik bir zərrəciyinə həsr olunan epizoddur. Mənə elə gəlir ki, həmin epizodun bugünkü günə təsirini, aidiyyatını, davamını göstərə bilmişik.

Fimdə Gəncə-Bakı sürət qatarında yol yoldaşı olan iki şəxsin maraqlı dialoqu təsvir olunub. Söhbət zamanı, İsmayıl Şıxlı yaradıcılığının, "Ölən dünyam" əsərinin süjet xətti müzakirə olunub. Ekran işində həmçinin, Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra Gəncədə rejimə qarşı qaldırılan üsyanı təsvir edən epizodlar da yer alıb.

Qulu Məhərrəmli - BDU-nun professoru: “Ölən dünyam” əsəri İsmayıl Şıxlının yaradıcılığında çox mühim səhifələrdən biridir. Mən hətta müəyyən mənada onu “Dəli Kür”lə eyni səviyyəyə qoyuram. Çünki burada ən aşağı 3 epoxa, müxtəlif nəsillərin dəyişməsi, onların taleyindən keçən hadisələr, güclü dramatizm var. Çox orijinal əsərdir və filmdə həmin hadisələr təkcə nəql olunmur, həm də onların mahiyyəti ifadə olunur.

"Ölən dünyanın yaddaşı" filmində yazıçının məşhur romanı "Dəli Kür"dən olan müəyyən məqamlara da toxunulub. Kökəbağlılıq, milli düşüncə, kişilik xarakteri, nəslin qorunması kimi vacib məsələlər ön plana çəkilib. Bu isə ekran işinin nümayişini xüsusilə gənclər üçün əlavə bədii informasiya kimi vacib edib, onlara milli dəyərlərə qarşı sədaqətli olmağı bir daha aşılayıb.