• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 24.12.2019 20:31

Prezidentdən məmurlara: Xalqdan qorxmursansa, Allahdan qorx

KepezTV Player

Dövlət başçısı İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində ən çox diqqət çəkən məqamlardan biri bəzi yerli icra orqanlarında olan özbaşnalıqlarla bağlı səsləndirdiyi fikirlər olub. “Kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. Bu, həm də digərlərinə ötürülən bir mesaj idi" - deyə prezident vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər.

“Edilən xəbardarlığa baxmayaraq bəziləri yolverilməz hərəkətlər etdilər” deyən prezident bunu dövlətə, dövlət siyasətinə edilən xəyanət kimi qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, "hələ də deyilənlərin onlara aid olmadığını fikirlərşənlər var. Amma onlar da bilməlidirlər ki, əyri yolla gedənlərin ən yüngül cəzası inzibati cəza olacaq. Lakin iş, inzibati cəza ilə də məhdudlaşmayacaq".

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan.

Prezident İlham Əliyev rayonlardan olan problemləri dövlətdən, dövlət başçısından gizlətməyə çalışan məmurlardan da danışıb. Və bu məsələdə ictimai nəzarətin vacib olduğunu qeyd edib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür.

Qarşıdan parlament seçkilərinin gəldiyini diqqətə çatdıran dövlət başçısı deyib ki, elə millət vəkilləri var ki, fəaliyyət göstərdikləri müddət ərzində bir dəfə də olsun seçildikləri dairədə gözə görünmürlər. Prezident yeni seçiləcək deputatlara öz dairələrində daha fəal olmağı tövsiyə edib. Qeyd edib ki, onlara edilən müraciətləri yerli və mərkəzi orqanlar qarşısında qaldırmaq millət vəkillərinin vəzifə borcudur.