Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Daxil olan məlumata əsasən Agentliyin əməkdaşları Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər. Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini - budunu emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 280