DSX Gürcüstanla sərhəddə baş verən insidentlə bağlı məlumat yayıb. Dekabrın 6-da Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Havaya xəbərdarlıq atəşi açılıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edilib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb. Dərhal çobana ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir. Onun Gürcüstan vətəndaşı 26 yaşlı Ramin Bəşirov olduğu müəyyənləşdirilib. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
- Baxış: 406