Təhsil müəssisələrində şagird və tələbələrin təlim, tərbiyə, təhsili ilə yanaşı, təhlükəsizliyini də düşünmək olduqca vacib məsələlərdəndir. Çünki, baş verə biləcək hər hansı bir neqativ hadisə uşaqlara həm mənəvi, həm də psixoloji təsir edə, sağlamlığa ziyan vura bilər. Onun üçün baş verə biləcək xoşagəlməz hadisələri minimuma edirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq lazımdır. Maraqlıdır, görəsən şəhərimizdə bu baxımdan vəziyyət necədir ?
Araşdırmalar göstərir ki, müasir dövrdə insanlar keçmişdəkilərə nisbətən öz gələcəkləri üçün, təhlükəsizlikləri üçün daha çox narahatlıq hissi keçirir. Bu da müasir həyatın tempinin daha sürətli, gərginliyin daha çox olması ilə bağlıdır. Buna görə də indi insanlarda bir-birinə qarşı aqressiya, psixoloji sarsıntı halları daha çox olur. Belə bir gərgin zəmanədə məktəblərin təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bizdə məktəblər necə qorunur?
Biz tez-tez Amerikada, Avropada məktəblərə silahlı hücumlar barədə xəbərlər eşidirik. Bizdə şükürlər olsun ki, belə hadisələr baş vermir. Amma “şər deməsən xeyir gəlməz” - deyiblər. Hər hansı bədbəxt hadisənin, faciənin baş verməməsi üçün əvvəlcədən tədbir görmək, sığortalanmaq daha yaxşı olmazmı?
- Baxış: 422