• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 15.10.2019 20:21

Balacalar podiuma çıxıblar

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm yarışma keçirilib. Tədbirdə 65 model, 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız-qış kolleksiyası nümayiş olunub. Podiuma çıxanlar isə uşaqlar olub.

Yarışda kastinqlərdən keçən 1200 model arasından 65 nəfər iştirak hüququ qazanıb. Modellər 4-6, 7-9 və 10-14 yaş aralıqlarında olmaqla, 3 kateqoriya üzrə mübarizə aparıblar.

Aygün Əliyeva - yarışın təşkilatçısı: Artıq 3 ay idi ki, hazırlıq prosesi gedirdi. Bu müddət ərzində uşaqların model dərsləri və geyimləri ilə məşğul olduq. Bu günkü final gecəmizdə möhtəşəm nəticə göz qabağındadır. Yarışmamızın məqsədi istedadalı uşaqların simasını tanıtmaqla bərabər gənc modelyer-dizaynerlərin əl işlərini təqdim etməkdir.

Elza Seyidcahan - Əməkdar artist: Gəncədə tədbirlərdə, verilişlərdə çox olmuşam. Amma belə bir yarışmada ilk dəfədir ki, iştirak edirəm. Və mən burada sanki balaca Elza Seyidcahanları görməyimə çox sevinirəm. Modelyerlər fərqlilik üçün çalışıb.

İştirak edənlərin 40 nəfərini qız, 25-ni isə oğlanlar təşkil edib. Tədbirdə Azərbaycanın məhşur simaları, modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər, Əməkdar- İncəsənət xadimi Modelyer-Dizayner Fəxriyyə Xələfova da iştirak edib. O bu yarışmada da ənənəvi olaraq, münsiflər heyətində sədr olub.

Fəxriyyə Xələfova - Əməkdar incəsənət xadimi, modelyer-stilist:  Gəncə ictimaiyyəti bu tədbirə çox böyük maraqla yanaşdı. Uşaqlar, gənclər bizim gələcəyimizdir. Uşaqlar bu tədbirdə iştirak edərək, yeni emosiyalar, dostluqlar qazandılar.

Podiumda şou göstərən balacalar arasında qalibləri seçmək üçün 10 ballıq sistemlə səsvermə keçirilib. Hər yaş kateqoriyasından 3 model 1-ciliyə layiq görülüb.

Zemfira Ağayeva - "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri: Hazırda Gəncədə 380-dən çox Bakıdan, başqa rayonlardan gələn qonaqlar var. Burada otellərin tam dolması, Gəncəni heç görməyən insanların bura gəlməsi düşünürəm ki, bu günkü uğurun bir hissəsidir.

Bir-birindən fərqli uşaq geyim kolleksiyalarının təqdim olunduğu gecədə həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Yarışmanın ərsəyə gəlməsində əsas məqsəd Gəncədən olan xüsusi istedada malik uşaqlar və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və onları nəinki Azərbaycana, dünyaya tanıtmaq olub.