Yol infrastrukturunun müasirləşdirilməsi Goranboyda 32 mindən artıq sakinin həyatında, eləcə də təmir edilən yollardan yolu düşənlərin rahat hərəkətində əhəmiyyətli dönüş yaradıb. Magistral yollarla yanaşı rayondaxili yolların da yenilənməsi kənd təsərrüfatının inişafına təkan verməklə əhalinin rafah halının yaxşılaşdırılmasına əsas yaradır.
Goranboyda piyada və avtomobillərin rahat hərəkəti üçün rayon mərkəzi ilə ətraf kəndləri, eləcə də qonşu rayonları birləşdirən ümumi uzunluğu 40 kilometr olan yol yenidən qurulub. Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu, Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi avtomobil yollarının yenidən qurulması bu yoldan istifadə edən 32 min əhalinin gediş-gəlişini asanlaşdırıb.
Xanlar Camalov - Goranboy sakini: Hər aya demək olar ki, təmir sexlərindəydim. Bezmişdik peredok yığdırmaqdan. Təkərlər dözmürdü. İndi yaxşıdı, asfalt əladı. Həm rayonun içində həm də kənar yolları əladı.
Samir Aslanov - Goranboy sakini: Əvvəlki ilə müqayisədə çox yaxşıdı. Gözəl, rahat, təmiz, çox yaxşıdır. Əvvəl maşın idarə edəndə tez-tez xarab olurdu, təkər cırılırdı, disk əyilirdi, xodovoy dağılırdı. Ancaq indi çox rahatdı.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yollar 15 yaşayış məntəqəsini birləşdirir. Yolların yenidən qurulması, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxışı təmin etməklə yük və sərnişin daşımanı asanlaşdırıb. Yol kənarlarında səkilərin salınması və gecə işıqlandırma dirəklərinin qoyulması da yenidənqurma zamanı nəzərə alınıb.
Goranboy sakini: Mən özüm şəxsən bu yolla hər gün gedib-gəlirəm, hər gün təmizlənir. İndi də Vidadi küçəsini bərpa edirlər. Rayon mərkəzidə hər kəsin gözü önündədi. Asfaltlanma, işıqlanma çox gözəldi.
Sakinləri sevindirən digər məqam isə həm rayondaxili, həm də rayonlar və kəndlərarası avtomobil yollarının yenidən qurulması ilə yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılır və bu da öz növbəsində vətəndaşların sosial rifah halına müsbət təsir edir.
Rüfət Bağırov - Goranboy Şəhəri İnzibati Ərazisi üzrə nümayəndə: Hazırda Vaqif küçəsi asfaltlanmaya tam hazırlanıb. Vidadi küçəsinin asfalt işləri demək olar ki, başa çatmaq üzrədi. Üzeyir Hacıbəyov küçəsinin işıqlandırılması həyata keçirilir. Hazırda həmin əraziyə 50-dən çox işıq dirəyi basdırılıb və yolun səki hissəsinin bərpası işləri başlayacaq yaxın günlərdə.
İşlərin ilin sonuna kimi tam başa çatdırılaraq avtomobil və piyadalar üçün istifadəyə hazır vəziyyətə gətirilməsi planlaşdırılıb.
Elton Cabbarlı
- Baxış: 355