Bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də boşanmaların sürətlə artmasıdır. Əvvəlki dönəmlə müqayisədə, indi xoşbəxt ailə həyatı yaşayan gənclərin barmaqla sayılası qədər az olması çoxlarında təəssüf doğurur. Bəs, problem nədədir? Ailələr niyə dağılır? Əməkdaşımız Nazənin Zaman ailə münasibətlərini, evliliyi zədələyən faktorları araşdırıb və olduqca maraqlı qənaətə gəlib. Yaxşısı budur, video-materiala keçid alaq.
Müasir dövrdə evliliyi sonlandıran faktorlar arasında tərəflərin uyğunsuzluğu məsələsi özünü daha qabarıq formada büruzə verir. Əfsuslar olsun ki, sosial, maddi, mədəni fərqlilik, fikir ayrılıqları, kənar müdaxilələr ikili münasibətləri bu gün kökündən zədələyir.
Zahid Tağıyev - psixoloq: Hər bir ailənin daxili qayda-qanunları var. Ən çox müşahidə olunan problem gerçək mənin gizlədilməsidir. Gənclər ailə qurarakən və ya sevgili olarkən gerçək mənlə yox, ideal mənlə davranırlar. Bu isə sonradan münasibətlərin pozulmasına gətirib çıxarır.
"İdeal" mən anlayışı daha çox sosial şəbəkələr vasitəsilə ünsiyyət quran tərəflər arasında yaşanır. Gerçəkliyi əks etdirməyən informasiya gec və yaz tez bəlli olur ki, bu travma insanlarda başqalarına qarşı güvənsizlik yaradır. Paralel olaraq, digər davranış xətalarına gətirib çıxarır.
Zahid Tağıyev - psixoloq: Evliliyi zədələyən, pozan məsələlərdən biri də ünsiyyət xətalarıdır. Tərəflər günahlandırıcı sözlərlərlə ünsiyyəti öz aralarında çətinləşdirirlər.
Bəs, görəsən cəmiyyətdə "qınanılan" hal kimi qəbul edilən boşanmaları minimuma endirmək üçün necə davranmaq lazımdır?
Mütəxəssislər isə evlilik kimi məsuliyyətli seçimdən əvvəl tərəflərə psixoloji testdən, analizdən keçməyi məsləhət görür.
Zahid Tağıyev - psixoloq: Bizim toplumda belə bir fikir formalaşıb ki, evlilikdən əvvəl psixoloqa müraciət etsək, xasiyyətlərimizdə ziddiyətlər aşkarlansa evlənməməliyik. Bu düzgün yanaşma deyil. tərəflər psixoloq vasitəsi ilə uyğun olmayan xüsusiyyətlərinin nə olduğunu görə və həll edə bilərlər.
İstənilən halda, boşanmaların sayının kəskin artması sağlam cəmiyyətin formalaşmasına xələl gətirir. Çünki ailə toplumun əsas özəyi, sütunudur, onun dağılması isə nəinki tərəflərin, cəmiyyətin problemidir.
- Baxış: 285