• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 16.09.2019 20:17

Təhsil müəssisələri yenilənib

KepezTV Player

İlk zəng. Bu gün ölkənin hər yerində olduğu kimi Gəncənin də məktəblərində yeni dərs ilinə başlanılıb. Bəzi məktəblərdə çalınan ilk zəngə şagirdlər, müəllimlər, eləcə də valideynlər daha çox seviniblər. Səbəbsə ötən dərs ilindəkindən fərqli tədris şaraitinin yaradılmasıdır.

İşıqlı və geniş sinif otaqları, müasir və təminatlı laboratoriyalar, şagirdlərin bilik əldə etmələri üçün yaradılan şərait. Yeni dərs ilində öyrədən və öyrənənlərin daha təkmil şəkildə tədris prosesində iştirakını təmin etmək üçün Gəncədə 2 məktəb əsaslı şəkildə yenilənib.

Yeniləşən Azərbaycana yeni məktəb proqramına uyğun olaraq 18 nömrəli məktəb müasir tələblər səviyyəsində yenilənib. Bu, birinci vitse-prezident Mehriban Əliyevanın cari ilin fevralında təhsil müəssisəsi ilə tanışlığından sonra mümkün olub.

Heydər Əliyev Fondu tərəfindən yenidən qurulan və əsaslı təmir olunan 55 yaşlı məktəbdə şagirdlərin təhsillərini daha rahat, müasir şəraitdə davam etdirmələri üçün bütün şərait yaradılıb. Sinif otaqları, idman və akt zalları, yeməkxana günün tələblərinə cavab verir, yeni qazanxana sistemi istiliklə bağlı problem yaşatmayacaq. Məktəbdə təhlükəsizliyə müşahidə kameraları vasitəsi ilə nəzarət olunacaq. Şagird kontingenti nəzərə alınaraq yenidənqurma işləri çərçivəsində 280 yerlik yeni korpus da inşa edilib. Bu 800-dən artıq şagirdi olan məktəbin 1 növbəli olmasına imkan verir. Şəraitin yaxşılaşdırılması təhsilin keyfiyyətini yüksəldəcək, əldə olunacaq nəticələrə müsbət təsir göstərəcək.

Ceyran Məmmədova - müəllim: Bu gün mən nənə kimi də sevinirəm. 4 nəvəm müasir avadanlıqlarla təmin olunan, işıqlı, yaraşıqlı, gözəl məktəbə qədəm qoyub. Ona görə mən inanıram ki, bizim uşaqlar daha gözəl, yüksək biliklər əldə edəcək, dərs ilində uğur qazanacaqlar.

Gülnar Rzayeva - valideyn: Balalarımız üçün yaradılan şərait doğurdan da ürəkaçandır. Bir daha əmin oduq ki, körpələrimizin gələcəyi əmin əllərdədir. Biz valideynlər də çalışacağıq ki, dövlətin göstərdiyi qayğı qarşısında övladlarımıza dəstək olaq, onların biliyə yiyələnməsinə, vətəninə, ölkəsinə, xalqına layiqli vətəndaş kimi yetişməsinə dəstəyimizi əsirgəməyək.

34 nömrəli tam orta məktəbdə isə yaradılan imkanlardan 690 şagird yararlanacaq. Artıq soyuq havalarda istiliklə təmin edilən siniflərdə dərs keçmək, müəllimləri tərəfindən tədris edilən mövzuların qavranılması üçün onlara heç nə mane olmur. 38 sinif otağı, 4 fənn kabineti və laboratoriyası bu məqsədə xidmət edir. Açıq və qapalı şəraitdə idmanla məşğul olmaq, təminatlı hərbi hazırlıq otaqlarında ilkin vərdişlərə yiyələnmək, normal və keyfiyyətli qidalanmaq üçün də məktədbə lazımı şərait yaradıılb.

İlhamə Ələsgərova - şagird: Məktəbimiz təmirsiz idi. Şərait yaxşı deyildir. Indi təmirlidir, rahat dərs keçə bilirik. Yeni lövhələrdə yazmaq da çətinlik yaratmır. Hər şey səliqəlidir.

Orxan Hacıyev - şagird: Təmirsizliyi ilə əlaqədar məktəbdə oxumaqda çətinlik çəkirdik. Amma 9-cu sinifə təmirli məktəbdə başlayırıq. Bizdə fizika, kimya, texnologiya otaqları təminatlıdır.

Tünzalə Qurbanova - müəllim: Məktəbimiz gösəl təmir olunub. Bu bizim dərs keçməyimizə, laboratoriyada uşaqların praktik biliklər almasına böyük təsiri var. Əgər qəbulda göstəricimiz 60-70 faiz idisə, belə şaraitdə uşaqlar 100 faiz bizi doğruldacaqlar.

Məktəblərdən fərqli olaraq məktəbəqədər tərbiyyə müəssisələrində ilk zəng çalınmasa da 32 nömrəli körpələr evi-uşaq bağçasında da sevincli idilər. Heydər Əliyev Fondu tərəfindən bağça yeni inşa olunduğu üçün. Birinci vitse-prezident Mehriban Əliyeva bağçaya baş çəkəndən sonra tərbiyyə müəssisəsinin yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulamışdı. Uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığı bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması da diqqət mərkəzində saxlanılacaq. Yenilənən binada aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır. Uşaqların qidalanmasına da xüsusi diqqət yetirilir. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait var.

Sahilə Hüseynova - bağça müdiri: 4 qruplu 75 nəfərlik bağçamız Heydər Əliyev Fondunun, Mehriban xanımın sayəsində yenidən qurularaq uşaqların istifadəsinə verildi. Burada uşaqların inkişafı üçün hər bir şərait yaradılıb. Bizim üçün yaradılan belə gözəl şəraitdən istifadə edərək uşaqların sağlam, vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

İlk dərs günündə Gəncədəki 46 məktəb və 3 gimnaziya üzrə 41 min 200-ə artıq şagird parta arxasında əyləşib. Şəhərdəki 42 uşaq bağçasında isə 4300-ə yaxın uşaq tərbiyə olunur.