Dünyaca məhşur olan, Gəncənin simvollarından biri kimi qəbul edilən Butulkalı ev əsaslı şəkildə təmir edilir. Təmir işlərinə iyulun sonundan başlanılıb. Hazırda evin dam örtüyü, eləcə də tavanı yenilənir. Həmçinin binanın eyvanında da beton işləri görülür. Layihəyə görə burada binanın öz tarixi görnüşünə, təbii halına zərər verilməyəcək. Bu tarixi evi İbrahim Cəfərov 1966-cı ildə ikinci dünya müharibəsindən qayıtmayan qardaşı Yusifin xatirəsini əbədiləşdirmək üçün tikib. Özünə məxsus qurluşa malik olan ev İbrahim Cəfərovun fantaziyasının məhsuludur. Evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıq qulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib. Butulkalı evdə diqqət çəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözünün yazılmasıdır. Baxmayaraq ki, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılırdı. Burada Azərbaycana aid bütün naxışlardan istifadə olunub. Tikili Gəncə sənətkarlığının nadir incilərindəndir və hər zaman şəhər sakinlərinin və turistlərin diqqətini çəkir. Təmir işlərinin bir aya yekunlaşması nəzərdə tutulur.
Mədinə Rəhimova memar:Butulka evdə təmir işlərinə başlamışıq. Burada həm dam örtüyünün yenilənməsi, həm daxildən piləkənlərin yenilənməsi, həm də binanın ümumilikdə yararsız hala düşən hissələrinin yenilənməsi işlərinə başlanılıb. Binanın tarixi təbiiliyinə toxunmadan daha gözəl şəkildə yenidən istifadəyə veriləcəkdi.
Rövşən Cəfərov ev sahibi:Bu ev mənim bababmın evidir. Uzun müddət idi ki, təmirə ehtiyac var idi. Eyvanda çatlar əmələ gəlmişdi, yerə 60-cı illərdən vurulan taxta çürümüşdü. Çox sağ olsunlar ki, bizə bu işdə köməklik elədilər. Bu evi qoymadılar dağılsın. Gəncəmizin bu gözəl evini qorumaqlarına görə sonsuz təşəkkür edirik, Allah canlarına sağlıq versin.
- Baxış: 700