• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 16.08.2019 17:24

Dünyanı fəth edən gəncəli səyyah...

KepezTV Player

Əminliklə söyləmək olar ki, insanların maraq və kəşf etmə duyğusu, mümkün qədər gəzib-görmək istəyi nə olur-olsun tükənməyəcək. Bəziləri bu hədəfi əlçatmaz hesab etsə də, əslində istək varsa, əldə olan imkanlarla da dünyanı gəzmək mümkündür. Buna qismən nail olan Emin Dostiyari kimi. Söhbət, dünyanın 40%-nə səfər edən Gəncəli səyyahdan gedir. Gəlin, növbəti reportajı birlikdə izləyək və onu daha yaxından tanıyaq.

Azərbaycan Texnologiya Universitetinin məzunu olan Emin Dostiyari nə az, nə çox, təxminən, 16 il əvvəl təhsilini davam etdirmək üçün Amerikaya üz tutur. Orda oxuduğu müddətdə Amerikanın müxtəlif ştatlarını görmək imkanı əldə edən gənc tələbə zamanla səfərlərin sayını artırmaq və dünyanı kəşf etmək qərarına gəlir. Amerikadan əvvəl Türkiyəyə yol alan səyyah İstanbulun zəngin mədəniyyətinə sözün əsl mənasında aşiq olur. Bu gün isə, fərqli ölkə və şəhərlərə səfər Dostiyarinin seçdiyi fəaliyyət növünün bir parçasıdır. Beynəlxalq təşkilatların birində qida mütəxəssisi vəzifəsində çalışan Emin texniki audit kimi fəaliyyət göstərir. Hər bir ölkənin, şəhərin onda qeyri-adi təəssüratlar yaratdığını deyən müsahibimiz, “Çox oxuyan deyil, çox gəzən çox bilər” fikrinə sonuna qədər haqq verir.

Emin Dostiyari - səyyah: Mən tamamilə razıyam. Çox gəzən çox görür və gördüklərinə əmin olur. Məncə, bir yerdə oturaraq dünyagörüşü əldə etmək çətin məsələdir. Səfərlər etdikcə oranı hiss eləyirsən, insanların necə düşündüyünü, necə qidalandığını, necə yaşadığını görürsən. Bəzən Yaponiyadakı inkişafı görüb, kaş biz də bu qədər inkişaf etmiş olardıq, düşünürsən. Bəzən isə Afrikadakı evsiz insanları görüb, bu günə böyük şükürlər edirsən. Təbii ki, gəzib görmək tamam fərqlidir.

36 yaşlı səyyah müntəzəm olaraq, ayda 2 həftə səfərlərdə olur. Dünyanın 40%-ni gəzib-görən Dostiyari indiyənəcən İtaliya, Fransa, Flippin, Kamerun, Zimbabve, Porteriko, Hindistan, Yaponiya, Meksika, Avstraliya və digər bir çox ölkələrdə olub. Getdiyi ölkələrdə maraqlı hadisələrlə qarşılaşan səyyah hər bir məkanı fərqli kriteriyalara görə dəyərləndirir.

Emin Dostiyari - səyyah: Mən tövsiyə edirəm ki, insanlar səfərə çıxamzdan öncə araşdırma aparsınlar. Azərbaycandan başqa ölkəyə yollanan insanların bir qismi çox vaxt alış-veriş üçün digər ölkələrə üz tutur. Amma onlara belə gedəcəyi ölkə və yaxud şəhərin tarixini, mədəniyyətini, görməli yerlərini yaxşı araşdırmağı tövsiyə edirəm. Türk-islam tarixi ilə bağlı məsələlərə, faktlara xüsusi önəm versinlər. Bizim özümüzlə əlaqəli nələrisə başqa məkanlarda tapıb, onlarla maraqlansınlar.

Səfərlər zamanı əlavə dil biliyi gəncəli səyyahın xeyli köməyinə çatır. İngilis, rus, türk və ərəb dillərində sərbəst danışa bilən Emin Dostiyari bununla belə, Bağdad, Kabil kimi şəhərlərdə bəzi hallarda təhlükəsizlik sarıdan müəyyən çətinliklər yaşayıb.

Emin Dostiyari - səyyah: Hesablamalarıma görə, indiyənəcən 76 ölkədə, 210-dan çox şəhərdə olmuşam.Planımda var ki, 2020-ci ilin sonunadək səfər etdiyim ölkələrin sayını 100-ə çatdırım. Ondan sonra Bakı şəhərində sərgi planlaşdırıram. Həmin sərgi vasitəsilə səfər zamanı müxtəlif ölkələrdən gətirdiyim fərlqi eksponantlar, əşyalar, suvenirlər, eyni zamanda çəkdiyim fotoları ictimaiyyətə göstərmək istəyirəm.

Gəncəli səyyahın son səfəri Hidistanın Haydarabad, Qoa və Çennay şəhərlərinə olub. O, yaxın günlərdə sözügedən ölkəyə 2 həftəlik növbəti səfərini planlaşdırır.