Azyaşlılar arasında yuxuda sidik saxlaya bilməmək problemi hər zaman öz aktuallığını qoruyur. Elmi adı enurez olan sözügedən fizioloji durum əksər valideynləri narahat edir. Müalicəsinə gecikildiyi təqdirdə fəsad verməsə belə, problemin vaxtında aradan qaldırılmasında fayda var.
Gecələr qeyri-ixtiyari sidik ifrazına individual olaraq, müəyyən yaşdan yuxarı olan uşaqlarda rast gəlinir. Lakin həkimlərin əksəriyyətinin fikrincə, qızlarda 4, oğlanlarda isə 5 yaşdan yuxarı sidik saxlaya bilməməyi artıq, enurez adlandırmaq olar. Səhiyyə işçiləri tərəfindən birmənalı olaraq, patalogiya kimi qəbul edilməyən problemin yaranma səbəblərinə gəldikdə.
Zamin Həşimov - GBX-nin uroloqu: Uşaqlarda dərin yuxunun olması, gecələr sidiyin miqdarının artması və yaxud sidik kisəsinin həcminin nisbətən kiçik olmasıdır. Bu səbəblər arasında genetik faktorlar da var. Biz belə uşaqları müayinə etdiyimiz zaman onların valideynlərində də bu cür problemin olduğunu anamnezdən görürük.
Körpə yaşlarda uşağın yatağını islatması normal qəbul olunsa da, zamanla bu problemin aradan qalxmaması azyaşlının psixologiyasını mənfi istiqamətdə təsir altına salır.
Gecələr qeyri-ixtiyari sidik ifrazı oğlanlarla müqayisədə qızlar arasında daha geniş yayılıb. Azyaşlıda diskomfort hissi yaradan bu vəziyyətdə ətrafdakıların düzgün davranışı da son dərəcə önəmlidir.
Zamin Həşimov - GBX-nin uroloqu: Gecə altını islatma durumlarında valideynlərin uşağı qınamaması, müəyyən sözlərlə üstünə getməməsi lazımdır. Biz bu vəziyyətin fizioloji problem olduğunu, zaman içində keçəcəyini valideynlərə bildirik, ona müəyyən tövsiyyələr veririk.
Enurez şikayəti ilə müraciət edən pasiyentlər ilk növbədə, uroloji müayinədən keçir. Xəstənin valideynlərinə müəyyən tövsiyyələr verilir, ehtiyac duyulduğu təqdirdə müalicədə dərman vasitələrindən istifadə olunur. Nəticə etibarı ilə, ailə üzvləri, psixoloqun dəstəyi və uroloqun nəzarəti ilə problem asanlıqla həll olur.
- Baxış: 397