Heyvandarlıq Elmi-Tədqiqat İnistitutuna 20 baş yeni Holşteyn Fris cinsli düyələr gətirilib. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə gətirilən iribuynuzlu heyvanların yerli iqlimə uyğunlaşdırılması üçün mütəxəssislər tərəfindən tədbirlərə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu üçün südlük istiqamətdə 100 baş iribuynuzlu cins heyvanın xüsusi qaydada saxlanması üçün kompleks tikilib. Görülən işlər respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına hesablanıb. Xaricdən gətirilən cins malların dözümlülüyü öyrənilir, onlar yerli şəraitə uyğunlaşdırılır. Bütün bu addımlar isə yeni cinslərin və mələzlərin alınması üçün atılır.
Mahir Hacıyev - Heyvandarlıq ETİ-nin direktoru: Şvis, aberdinanqus və Holştin-friz bu gün təsərrüfatlarda geniş yayılıb. Həmin üç cins artıq bizə gətirilib. O cinslərin üzərində də elmi tədqiqat işləri aparılır. Onların məhsuldarlıq istiqaməti, əsasən də adaptik xüsusiyyətləri artıq bir neçə aydır öyrənilir. Holşteyn Fris cinsindən bir bala da alınıb.
Hazırda təsərrüfatlarda geniş yayılan Holştin-friz cinsli inəklər əsasən südlük istiqamətlidir. Bu heyvanlardan ildə 11-12 min litr süd əldə etmək mümkündür. Heyvandarlıq Elmi-Tədqiqat İnistitutuna yeni gətirilən 20 baş düyənin üzərində də sınaq təcrübələri aparılacaq.
Mahir Hacıyev - Heyvandarlıq ETİ-nin direktoru: Bu cinslər üzərində tədqiqatlar aparılır. Nazirlik və dövlətimizin etimadını doğurultmaq üçün işlərimizi aparacağıq. Bir neçə ilə yeni mələzlərin alınması nəzərdə tutulur.
Bundan başqa Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda südlük və ətlik istiqamətli 6 baş şvis, həmçinin ətlik istiqamətli 5 baş aberdinanqus inəkləri saxlanılaraq üzərlərində tədqiqatlar aparılır.
Elnur Vahidoğlu
- Baxış: 540