Yay mövsümündə əhalinin istirahət zonalarına rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yol polisləri gücləndirilmiş iş rejimində çalışırlar. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidməti ərazilərinə aid olan Kəpəz rayonu Hacıkənd qəsəbəsi ərazisində mütəmadi şəkildə reydlər təşkil edirlər. Ötən gün axşam saatlarında keçirilən yoxlamalar zamanı xeyli sayda nəqliyyat vasitəsi saxlanılıb. Əsas hədəf isə sükan arxasında sənədsiz və sərxoş əyləşən sürücüləri aşkarlamaq olub. Sevindirici haldır ki, yoxlamalar zamanı ciddi qayda pozuntularına rast gəlinməyib. Yol polisləri yalnız bir neçə halda sürücülərə müvafiq tövsiyələrini veriblər. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri mövsüm ərzində mütəmadi olaraq davam etdiriləcək.
Natiq Hüseyn
- Baxış: 1114