• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 19.06.2019 18:24

Minimum aylıq əməkhaqqı 40 faiz artıb

KepezTV Player

Ölkə başçısının maaş artımı ilə bağlı imzaladığı növbəti sərəncam bir daha göstərdi ki, bütün islahatların mərkəzində Azərbaycan vətəndaşı, onun sosial təminatı və rifahı dayanır. Ekspertlər deyir ki, bu sərəncam ümumilikdə 2 milyondan çox insanın yaşayışına təsir edəcək və həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölkədə minimum əməkhaqqı məbləği 40 faiz artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Artım özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsi əhatə edir.

Sosial paketdə dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının, mülki işçilərinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının 40 faiz artırılması nəzərdə tutulub. Bilik və bacarıqları diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqlarına isə 20 faiz artım şamil ediləcək.

Daha bir yenilik isə pensiyalarla bağlıdır. Belə ki, oktyabr ayında əmək pensiyasının minimum məbləği 25 faiz artırılaraq 160 manatdan 200 manata çatdırılacaq. Bunun üçün qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Artım ümumilikdə 660 min nəfəri əhatə edəcək. Növbəti sosial paketi həyata keçirməyə imkan verən bu ilin dörd ayı ərzində əhalinin nominal gəlirlərinin inflyasiyanı 2 dəfə üstələməsi olub.