Gəncədə basketbolçuların 28 may Respublika Günü münasibəti ilə təşkil olunan şəhərlərarası turnirinə yekun vurulub. Bir həftə davam edən yarış Olimpiya İdman Kompleksində keçirilib.
Birincilik 2 yaş qrupunda reallaşıb. Hər yaş qrupunda 8 komanda mübarizəyə qoşulub. Yarışa Gəncə təmsilçiləri ilə yanaşı, Göygöl və Cəlilabad basketbolçuları da qatılıb. Kollektivlər əvvəlcə qrup daha sonra pley-off mərhələsində olimpiya sistemi üzrə çıxış ediblər.
Mütəxəsisslərin fikrincə, bu kimi yarışlar seleksiya işləri aparmaq üçün əla fürsətdir. Elə hazırda müxtəlif yaş qruplarından ibarət millilərdə oynayan basketbolçular da məhz belə turnirlərdən seçilərək yığma komandalara dəvət alıblar.
Ənənəvi xarakter daşıyan və artıq 10 ildir ki, keçirilən yarışın nəticəsinə əsasən, Gəncə şəhər 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandaları mükafatçılar sırasında çoxluq təşkil edib. 13-14 yaşlılar arasında “Zirvə” 1-ci, “Cəsurlar” 2-ci, “Gəncəli” 3-cü yeri tutub. 11-12 yaşlı basketbolçular arasında “Kəpəz” yarışın qalibi olub. “Məhəllə” gümüş, “Cəlilabad” komandası bürünc medallara yiyələnib. Mirməcid İsmayılovla Fərid Piriverdiyev isə turnirin ən yaxşı basketbolçuları seçilib.
Azad Rəfi
- Baxış: 663