Gəncənin ədəbi mühitinin sayılıb-seçilən nümayəndələri yeni çapdan çıxan kitabı dəyərləndirmək üçün bir araya toplaşmışdı. “Saxla sözümü, dünya”adlı kitab yazar Əli Qurbanovun uzun illər ərzində qələmə aldığı şerlərinin toplusu olaraq işıq üzü görüb. Qələm əhli tərəfindən Əli Əkbəroğlu imzası ilə tanınan şair Kəlbəcərdə doğulub boya-başa çatıb. Torpağından, suyundan, havasından bəhrələndiyi doğma yerlərin ilhamı 15 yaşından yazarı ədəbiyyat cameəsinin üzvü edib. Əsasən sevgi üzərində qurulan beytləri ilə qəlblərə yol tapan Əli Əkbəroğlunun həyatında Qarabağda baş verən hadisələr, müharibə, məcburi köçkünlük həyatı dönüş yaradır. Elə kitabda yer alan şerlərin ana xəttini də hal-hazırda dövlət qulluğunda çalışan şairin torpaq miskili təşkil edir. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin nümayəndələri ilk şerlər toplusunun işıq üzü görməsini Əli Əkbəroğlunun sənətə vurğunluğundan doğduğunu dilə gətirib, şerləri ilə dövrü mətbuatda çıxış edən qələm sahibinə yaradıcılığında uğurlar arzulayıblar.
- Baxış: 780