Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva Dünya Kubokuna vəsiqə qazanıb. 23 yaşlı şahmatçı Türkiyədə keçirilən Avropa çempionatının nəticələrinə əsasən bu yarışda iştirak etmək hüququ əldə edib.
Fətəliyeva Antalyada reallaşan qitə yarışında 11 oyundan 7,5 xal toplayıb. Ülviyyə çempionatda 3 məğlubiyyətə üzülərək 1 dəfə heç-heçə oynayıb. 7 görüşdə isə maksimum nəticəyə imza atmaqla rəqibləri üzərində qələbəyə sevinib. Bu göstərici ilə gəncəli iti zəka sahibi qardaş ölkədəki yarışda 7-ci yerdə qərarlaşıb və çempionatda iştirak edən 10 həmyerlimiz arasında ən yaxşı nəticənin müəllifi olub. Fətəliyevanın hələ mükafatçılar sırasına düşmək imkanı da yaxalayıb. Belə ki, o, yarışda ilk 3 yeri tutan şahmatçılardan cəmi yarımxal geridə qalıb. Beləliklə, Ülviyyə uzun illərdən sonra Dünya Kubokuna qatılacaq ilk Gəncə şahmatçısı olacaq. Bu turnir gələn il Minskdə təşkil olunacaq.
Xatırladaq ki, Fətəliyeva şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi olub. 2017-ci ildə "Odlar Yurdu" komandasının heyətində klublararası Avropa Kubokunda gümüş medal qazanıb. O, Azərbaycan yığmasının heyətində dünya və Avropa çempionatlarının iştirakçısı olub. 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində yer alıb.
Azad Rəfi
- Baxış: 1251