Klubunun bazasında fanatların qarşısına əsas komandanın baş məşqçisi və futbolçular çıxıb.
Görüşdə “sarı-göylər”in müxtəlif yaş qruplarından olan 15-ə yaxın azarkeşi iştirak edib. Gəncə klubunun qocaman fanatları komandanın turnir cədvəlindəki vəziyyətindən narahat olduqlarını, tarixi keçmişə malik klubun bu günkü nəticələrinə görə üzüldüklərini nəzərə çatdırıblar. Onlar “Kəpəz”i tezliklə futbolumuzun elitasında görmək istədiklərini bildirərək infrastrukturun yenilənməsini, uşaq futbolunun inkişafı üçün əməli addımların atılmasını istəyiblər.
Fanatları dinləyən baş məşqçi Etibar İbrahimov tənqidə hər zaman açıq olduqlarını, başqalarının fikrini öyrənmədən inkişaf etməyin mümkünsüzlüyünü vurğulayıb. AFFA-nın baş katibi Elxan Məmmədovun bu yaxınlarda Gəncəyə səfərini xatırladan İbrahimov qurumun “Kəpəz”i diqqətdə saxladığını qeyd edib. O, assosasiyanın dəstəyi ilə klubun tərkibində akademiyanın yaradılmasının Gəncə futbolu üçün böyük hadisə olduğunu deyib. Gənc çalışdırıcı gələn mövsüm nəticələrin müsbətə dəyişəcəyinə də inamını ifadə edib.
Təxminən 2 saata yaxın davam edən görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Komanda tərəfindən azarkeşlərin fikirləri ilə yaxından tanış olmaq, onları dinləmək üçün mütəmadi olaraq belə yığıncaqların keçirilməsi təklif edilib.
Azad Rəfi
- Baxış: 616