"Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Gəncə şəhəri olub. Mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni əlaqələri gücləndirməyə, eləcə də yeni tanışlıqlara zəmin yaradıb.
Gəncə Dövlət Filarmoniyasında təşkil olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əsas məqsədi, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikada regionlararası mübadiləni gücləndirməkdir. Festival iştirakçıları Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsi tərəfindən bölgələrimizin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə yaxından tanış olub, rəssamların müxtəlif janrlarda çəkdiyi əsərlərə tamaşa ediblər. Festivalda iştirak edən xarici turistlər də gördüklərinin xoş təəsurat yaratdığı deyiblər.
Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, Basqal kəlağayıları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı ilmələri, muncuqlardan hazırlanan bəzək əşyaları, Xaçmaz bölgəsindən olan daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, təkəlduz sənəti nümunələri, biləsuvarlı rəssamların sadə qara qələmlə qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Masallı regional idarəsi tərəfindən təqdim olunan, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb. Cənub bölgəsinin sənətkarları festivalda öz bacarıqlarını nümayiş etdiriblər.
Bundan başqa regional idarələr tərəfindən dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilən natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanan əsərlər, maraqlı əl işləri festival iştirakçılarında zəngin təəssürat yaratdı. Bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qruplarının geniş və rəngarəng konsert proqramı ilə davam edən festivalda b əstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri təqdim edilib. Qədim musiqi alətlərimizin geniş ifa imkanları nümayiş olunub.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bölgələrdən bölgələrə yaradıcılıq festivalı bu gün Ağstafada davam etdirilir.
- Baxış: 742