Futbol üzrə I Divizionda mövsümün ikinci dövrəsi üçün təlim-məşq toplanışını davam etdirən “Kəpəz”lə “Turan Tovuz” yoxlama oyununda qarşılaşıb. Görüş sonuncuların meydanında keçirilib.
Bol qollu alınan 90 dəqiqə tovuzluların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq oyunun ilk yarısı “Kəpəz”in aktivinə yazılıb. Belə ki, “sarı-göylər”in hər üç qolu birinci hissəyə təsadüf edib. Qonaqlardan Əli Səmədov və Elgün Orucov hərəyə bir dəfə fərqlənib. Daha bir məhsuldar zərbə isə avtoqol olaraq qeydə alınıb. Fasilədən sonra Gəncə klubunun məşqçilər korpusu meydançaya əsasən ehtiyat oyunçuları buraxıb və bu da nəticəyə təsirsiz ötüşməyib. İkinci hissədə 4 top vuran “Turan Tovuz” qələbə qazanıb. Elçin Qasımovun dubl etdiyi görüşdə Sənan Qocayevla Arzuman Nəsibov bir qolla yadda qalıb.
Xatırladaq ki, bu oyun tərəflər arasında dövrələrarası fasilə müddətində ikinci yoxlama matçı olub. Bundan öncə komandalar yanvarın 14-də Tovuzda qarşılaşıblar və həmin görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Azad Rəfi
- Baxış: 685