Son illlərə kimi Gəncəni futbolumuzun elitasında təmsil edən “Kəpəz” indi I Divizionunda iştirak etsə də, komandanın çıxışı yenə diqqət mərkəzindədir. Gəncə klubu ötən mövsümün yekunlarına əsasən, Premyer Liqadan aşağı dəstəyə düşüb və üç illik fasilədən yenidən divizionda mübarizə aparmağa başlayıb. Ölkənin ən perspektivli gənc məşqçilərindən olan Etibar İbrahimova tapşırılan komandanın 1-ci dövrədəki çıxışı əslində gözlənilən kimi olub. 14 komanda arasında 12-ci yer “Kəpəz”in adına yaraşmasa da, mövcud vəziyyətin fonunda nəticə başa düşüləndi.
Etibar İbrahimov, “Kəpəz”in baş məşqçisi: “Bunu çox demişik, hardasa azarkeşlərə də tanış sözlərdir, amma yenə söyləməliyəm. Bilirsiz ki, komanda gec toplandı, seleksiya etmək imkanımız olmadı, heyəti yalnız yerli futbolçulardan qura bildik. Yerli uşaqlardan formalaşdırdığımız komanda çempionatda əlindən gələni etməyə çalışdı. Bəzi oyunlarda öz səhvlərimizdən, bəzilərində isə hakimlərin yanlış qərar verməsindən xallar itirdik. Həmin xalları qazansaydıq, daha yuxarı pillələrdə ola bilərdik”.
Autsayderlər cərgəsində olmasına baxmayaraq “Kəpəz” çempionatın lideri ilə başa-baş mübarizə aparması ilə seçilib. Bunu nəzərə alaraq turnir cədvəlində tutduğu mövqenin komandanın çıxışına uyğun gəlmədiyini söyləyə bilərik.
Etibar İbrahimov, “Kəpəz”in baş məşqçisi: “Uşaqlar da əllərindən gələni etdilər ki, yaxşı nəticələr verək. Bütün liderlərə başağrısı ola bildik. Bizimlə görüş iddialılar üçün asan alınmadı. Bizimlə asan oynamadılar. 1:0 hesabı ilə yenildiyimiz, heç-heçə etdiyimiz oyunlar oldu. Əgər biz lider komandalara qarşı belə oynaya biliriksə, niyə də yuxarı pillələrdə olmayaq? Təbii ki, ikinci dövrədə itirilən xalları geri qaytarmağa çalışacağıq”.
Sonda Etibar İbrahimov komandaya dəstək verən azarkeşlərə də müraciət edib.
Etibar İbrahimov, “Kəpəz”in baş məşqçisi: “Azarkeşlərə sözüm budur ki, çox sağolsunlar böyük bir səbr göstərdilər, daimi dəstək verdilər. Əsl azarkeşlər vəziyyətimizi olduqca yaxşı başa düşürlər. Bütün Azərbaycan bilir ki, “Kəpəz” Premyer Liqada oynamağa layiqdir. Burada kimin işləməsindən asılı olmayaraq. Çox istəyərəm ki, komanda elitada olsun. Əminliklə deyə bilərəm ki, komandanı gələcəkdə yaxşı günlər gözləyir”.
I Divizionda mövsümün növbəti yarısına fevralda start veriləcək. “Kəpəz” 2-ci dövrənin hazırlığına yanvarın əvvəlində başlayacaq.
Azad Rəfi
- Baxış: 827