Şamaxıda ölümlə nəticələnən ağır qəza olub. Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub. Nəticədə Səmədovun sərnişinlərindən həyat yoldaşı Solmaz Səmədova hadisə yerində dünyasını dəyişib, özü və qızı Mixək, habelə Durasan Əsgərov ilə bir sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bakıda avtobus piyadanı vurub. Sabunçu rayonu ərazisində 54 yaşlı Əhəd Məmmədov idarə etdiyi "İSUZİ" markalı avtobusla Sabunçu-Zabrat-Maştağa şossesində hərəkətdə olarkən Zabrat qəsəbəsi ərazisindəki vertolyot aeroportunun qarşısında yolu keçən piyada, 63 yaşlı Valentina Mişinkina vurub. Ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan qadın orada ölüb.
Goranboyda yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib. Hadisə Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Samux rayon sakini 70 yaşlı Növbər Məmmədova yolu keçmək istəyərkən "BMW" markalı avtomobillə vurulub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Gəncədə isə piyadanın xəsarət alması ilə qəza olub. Şəhər sakini, 48 yaşlı Sevda Babayeva yolu keçərkən avtomobillə vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin yradımdan sonra özəl tibb müəssisələrindən birinə aparılıb.
Yevlaxda Xaldan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil idarəetmənin itirlməsi nəticəsində yoldan çıxıb. Maşın öncə ağaca, daha sonra ərazidə salınan xurma bağının dəmir hasarına və işıq dirəyinə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan sürücüsü sakinlərin köməyi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzalarla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 557