Ölkə futbolunun tarixinə adını qızıl hərflərlə yazdıran Gəncənin “Kəpəz” klubu bu mövsüm aşağı liqada çıxış etsə də, azarkeşlər komandanın yenidən Premyer Liqaya yüksəlməsini səbirsizliklə gözləyirlər. Bu məsələ fanatlarla yanaşı, federasiya rəhbərliyinin də diqqətindədi.
3 qat azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olan “Kəpəz”in bu gün titullarına yaraşmayan vəziyyətdə olması gəncəli futbolsevərlərin ən yaralı yeridi. Bu hal azarkeşlər kimi son illər kluba dəstək verən AFFA-nı da narahat edir. Çünki “Kəpəz”in iştirak etdiyi Azərbaycan çempionatları mübarizə və azarkeş bolluğu sarıdan həmişə göz oxşayıb. Bununla yanaşı futbolun beşiyi sayılan Nizami yurdunda akademiyanın açılması da vacib məsələlərdəndir.
Rauf Əliyev – AFFA-nın 1-ci vitse-prezidenti: “Doğrudanda gəncənin ənənələri var. Gəncəlilər də gözləyirlər ki, öz komandaları yüksək liqada oynasın. Söhbət “Kəpəz”dən gedir. Biz də istəyirik ki, “Kəpəz” Premyer Liqada iştirak etsin. Çünki böyük şəhərin komandasıdır. Avropa liqalarında mübarizə aparsın və Azərbaycanı təmsil etsin. Nə qədər çox klub olsa, o qədər yaxşıdır. Təbii ki, Gəncə kimi yerdə gələcəkdə “Kəpəz” klubunun nəzdində mütləq akademiya olmalıdır.”
AFFA-nın 1-ci vitse-prezidenti olan Rauf Əliyev Gəncə şəhər stadionun durumu ilə bağlı da danışıb. Qurum rəsmisi arenanın təmiri və yenilənməsi məsələsinin yaxın gələcəkdə həll olunacağına işarə edib.
Rauf Əliyev – AFFA-nın 1-ci vitse-prezidenti: “Gəncə ikinci böyük şəhərdir. Mən razıyam ki, şəhərdə yaxşı stadion olmalıdır. Yəqin ki, gələcəkdə bu məsələ mütləq həllini tapacaq. İnvestisiya proqramı var. Stadionu həmin proqrama salmaq lazımdır. AFFA meydançanı bərpa etdi. Bu böyük bir məsələdir. Bu gün komanda yaxşı meydançada oynayır. Qalan infrastruktur işlər də öz həllini tapacaq. Bir az vaxt lazımdır.”
Bu il 27-ci dəfə təşkil edilən Azərbaycan çempionatında Gəncə 8 dəfə təmsil olunmayıb. Ölkənin ikinci böyük şəhəri müxtəlif vaxtlarda fərqli səbəblərdən yüksək dəstədə iştirak etməyib.
Orxan Cəfərzadə
- Baxış: 603