Futbol üzrə Azərbaycan 1-ci divizonunda 10-cu tur oynanılır. Hesabat turu aşağı dəstədə Gəncəni təmsil edən “Kəpəz” doğma meydanda “Şüvəlan”ı qəbul edib. Qarşılaşmanın əvvəlində Gəncənin veteran futbolçularından olan Cavid Əhmədovun 55 illik yubileyi “Kəpəz”in kollektivi və azarkeşlər adından təbrik olunub. Oyuna gəlincə turnir cədvəlinin sonuncu sırasında qərarlaşan sarı-göylər üçün görüş yaxşı başlamayıb. 17-ci dəqiqədə küncdən ötürmə zamanı meydan sahiblərinin qapıçısının çıxışdakı səhvini bakılılardan Murad Hüseynov bağışlamayıb. Tədricən özünə gələn gəncəlilər 40-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Elcan Rəhimovun ötürmə-zərbə qarışıq vuruşu tora düşüb. İkinci hissədə başqa qol olmasa da, 80-ci dəqiqədə qarşısında ikinci sarı vərəqəni görən Qara Qarayev meydandan qovulub. Ancaq bu nəticəyə təsir etməyib və qarşılaşma 1:1 hesablı sülhlə bitib.
Orxan Cəfərzadə
- Baxış: 602