Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb. Pəhləvan Avropa çempionu olmaqla lisenziyaya sahib olub.
Bayramov Makedoniyanın Skopye şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, çıxış etdiyi 65 kq çəki dərəcəsində baş mükafata yiyələnib. Mübarizəyə 1/8 final mərhələsindən başlayan sərbəst güləşçi əvvəlcə ukraynalı rəqibini məğlub edib. Sonrakı görüşdə idmançımız ermənistanlı güləşçinin kürəyini yerə vurub. Yarımfinalda Gürcüstan, finalda isə Rusiya təmsilçisindən üstün olan gəncəli güləşçi qızıl medala layiq görülüb. Bayramov 4 qarşılaşmada rəqiblərinə cəmi bir xal verərək əvəzində 23 xal qazanıb. Finaldakı rəqibindən bir baş üstün olmaqla 9:0 hesabı qalib gəlib. Bu nəticə ilə yığma komandamızın üzvü bu ilin oktyabrında Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, bu vaxta kimi, Gəncənin idmançılarından ikisi iştirak etdiyi yeniyetmələrin Olimpiya Oyunlarından mükafatlarla dönüblər. Boks millimizin üzvlərindən - Elvin İsayev Sinqapurda gümüş, Rüfət Hüseynov isə Nanjinqdə qızıl medal qazanıb. Dəfələrlə böyük yarışların qalibi və mükafatçısı olan Turanın da bu uğurları təkrarlayacağı gözləniləndir. Belə ki, güləşçi bu yarışa kimi beynəlxalq turnirlərin qızıl, dünya birinciliyinin gümüş, Avropa birinciliyinin isə bürünc mükafatını medal kolleksiyasına əlavə edib.
Azad Rəfi
- Baxış: 1727