Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar. “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 60 yaşlı Siddiqi Salma və 31 yaşlı Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub. “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı isə özünü Almaniya vətəndaşı kimi təqdim edən 23 yaşlı Muhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranıb. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkarlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib. Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
- Baxış: 1017