Gəncə Avtomobil Zavodu 10 ildən artıqdır ki, Belarusla əməkdaşlıq edir. Bunun nəticəsi olaraq müəssisədə MAZ markalı avtomobillər, asma avadanlıq və dartıcılar, habelə traktorlar istehsal olunub. Bu gün bu əməkdaşlıq nəticəsində Gəncə Avtomobil Zavodunda istehsal olunan 10 000-ci traktor konveyerdən çıxıb.
Gəncə Avtomobil zavodu ilə Minsk Avtomobil və Minsk Traktor Zavodları arasında əməkdaşlıq əlaqələri 2006-cı ildə qurulub. Bundan 1 il sonra, yəni 2007-ci ilin 27 mart tarixində ilk “Belarus 80.1” model traktoru təhvil verilib. Hazırda müəssisədə bu traktorların 10-a yaxın modeli yığılır. Bu gün 11 il sonra 10 000-ci traktor konveyerdən düşür.
Bu münasibətlə müəssisədə yığıncaq təşkil olunub. Tədbirdə Respublika Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimr Semaşko, millət vəkiləri, ictiamiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbriin iştirakçıları əvvəlcə istehsal sahələri ilə tanış olublar. Daha sonra 10 000-ci traktor konveyerdən çıxarılıb.
Vladimr Semaşko – Belarusun baş nazirinin müavini: “Bizim Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığımız bundan sonra da davam edəcək. 10 ilə 10 000 traktor istehsal etmişik, lakin bu rəqəm günü-gündən artır. Ötən il ərzində artıq 1965 traktor istehsal olunub və bu rəqədəmi 2000-nə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Siz bilirsiz ki, burada istehsal olunan traktorların Türkiyədə yığılması və satışı da planlaşdırılır. Bu bizim üçün də mühüm əhəmiyyət kəsb edir, çünki bu həm də bizim məhsulların Türkiyə bazarlarına çıxması deməkdir.”.
Fyodor Domotenko – Minsk Traktor Zavodunun direktoru: “Azərbaycan bazarında il ərzində 2500 traktora tələbat duyulur. Türkiyədə bu rəqəmin 5000 olacağını düşünürük, ən azından ilkin istehsal o qədər planlaşdırılır. Gəncə Avtomobil Zavodunda yüksək ixtisaslı mütəxəsislər çalışır və burada istehsal olunan traktorlar xarici bazarda həm qiymətinə, həm də keyfiyyətinə görə rəqabət aparmaq iqtidarındadır. Üstəlik Azərbaycanın coğrafi mövqei də buna imkan verir. Belarus İrana da, Türkiyəyə də, Gürcüstana da uzaqdır. Lakin Azərbaycanın bu baxımdan üstünlüyü var”.
Gəncə Avtomobil Zavodunun Belatusla əlaqələri tək traktor istehsalı ilə yekunlşamır. 2007-ci ildə “Dorelektromaş” və “Smorqon aqreqat zavodu” ilə əldə olunan razılığa əsasən burada “Belarus” traktorları bazasında asma avadanlıqlar yığılır. “Minsk təkərli dartıcılar zavodu” ilə imzalanan iki tərəfli müqaviləyə əsasən 2014-cü ildən burada dartıcıların istehsalına başlanılıb. Bununla yanaşı 2007-ci ildən bu günə kimi GəncəAZ-da 3000-ə yaxın MAZ avtomobili istehsal olunaraq sifarişçilərə göndərilib.
Gülnar Fazilqızı
- Baxış: 4218