Azərbaycanlıların soyqırımı günü ilə bağlı Şəmkirdə keçirilən anım mərasimi soyqırımı abidə kompleksini ziyarətlə başlayıb. Ermənilərin azərbaycanlılara qarşı davamlı şəkildə həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız insanın qətlə yetirildiyinə diqqət çəkilib. Azərbaycanlılara qarşı soyqırım və işğalçılıq siyasəti qətiyyətlə pislənilib. İşğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarına inam ifadə olunub. Mədəniyyət işçiləri və məktəblilərin hazırladığı ədəbi bədii kompazisya soyqırım hadisələrinin acı nəticələrini xatırladıb.
Samuxda isə anım günü ilə əlaqədər yürüş təşkil edilib. Minlərlə rayon sakini Heydər Əliyev prospektindən Samux şəhidləri abidə kompleksinədək yürüş edərək ermənilərin zaman-zaman törətdikləri soyqırımı siyasətinə etiraz ediblər. Abidə kompleksi önünə tər-çiçəklər düzən rayon sakinləri şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Rayon Mədəniyyət Mərkəzində təşkil edilən dəyirmi masada erməni qəddarlığı nəticəsində mədəniyyət ocaqları, tarixi abidələrin dağıdıldığına, 100 il bundan öncə Bakı, Şamaxı, Quba qəzaları ilə yanaşı Lənkəran, Xaçmaz, Hacıqabul, Salyan, Göyçayda da minlərlə azərbaycanlının qətlə yetirildiyi vurğulanıb. Tədbir soyqırıma aid ədəbi bədii kompazisya ilə davam edib.
- Baxış: 823