UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutub. Günün ən önəmli və həyəcanlı oyunu Londonda keçirilib. Burada “Barselona” “Çelsi”nin qonağı olub. İlk yasında sükutun pozulmadığı görüşdə tablo 62-ci dəqiqədə işə düşüb. Zadəganlardan Vilian cərimə meydançasının önündən dəqiq zərbəylə qapıya yol tapıb. Katalonların cavabı 7 dəqiqə sonra gəlib. Leonel Messi karyerasında ilk dəfə ingilislərə qol vurub. Bu həm də oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. Çelsi 1 Barselona 1.
Digər qarşılaşması ölkəmizdə də kifayət qədər fanatı olan Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Bavariyayla üz-üzə gəlib. Görüş istanbullular üçün pis başlayıb. Hücumun qarşısını kobudluqla alan müdafiəçi Domaqoy Vida birbaşa qırmızı vərəqə alaraq “qara qartallar”ın planını pozub. Oyuna 10 nəfərlə davam etməli olan qonaqlar 43-cü dəqiqədə qapısından top buraxıb. Tomas Müller komandasını fasiləyə öndə yollayıb. İkinci yarıda üstünlüyü tamamilə ələ alan münhen təmsilçisi 53-cü dəqiqədə Kinqli Komanla yerli azarkeşləri ikinci dəfə sevindirib. 66-cı dəqiqə fərq daha da böyüyüb. Müller dublla yadda qalıb. 79 və 88-ci dəqiqələrdə isə Robert Levandovski iki dəfə toru havalandıraraq komandasının böyükhesablı qələbəsinə töhfəsini verib. “Bavariya” 5:0 qalib gələrək 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib.
Çempionlar Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
20 fevral
“Çelsi” – “Barselona” - 1:1
Qollar: Villian, 62 - Messi, 75
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
“Stemford Bric”, London
“Bavariya” – “Beşiktaş” - 5:0
Qollar: Müller, 43, 66; Koman, 53; Levandovski, 79, 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
“Alyans Arena”, Münhen
Orxan Cəfərzadə
- Baxış: 605