Çempionatın qış fasiləsi dövründə “Kəpəz”in əsas və əvəzedici komandası ilk yoxlama oyununu keçirib. Kollektivlər bir-biriləri ilə qarşılaşıblar.
Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən görüş 1:0 hesabı ilə əsas komandanın xeyrinə nəticələnib. Görüşdə yeganə qolu ikinci hissədə Tural Rzayev vurub. Qarşılaşma kluba yeni gələnlər və baxışda olanlar üçün sınaq xarakteri daşıyıb. Məşqçilər korpusu bəzi futbolçularla bağlı qərarlarını qətiləşdiriblər.
Növbəti yoxlama matçında əsas komandanın rəqibi kimi aşağı liqa klubu “Sabah” göstərilsə də, görüş ləğv edilib. Akademiyanın stadionunun ot örtüyünün vəziyyəti oyunçuların zədə almaq ehtimalı artırdığından və oyun üçün uyğun boş stadion tapılmadığından matç baş tutmayıb.
Bu arada Türkiyə toplanışı müddətində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub. Gəncə klubu Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.
Xatırladaq ki, “sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcək ki, rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, “Kəpəz” asiyalılarla yanaşı, Rumıniyanın “Viitorul”, Polşa “Yagelloniya” və Serbiyanın “Spartak” klubları ilə görüşəcək.
Azad Rəfi
- Baxış: 649