Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində “VAZ” 21 07 markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində sürücü aldığı ağır kəllə-beyin travması nəticəsində elə yerindəcə dünyasını dəyişib. Onun meyitini maşından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxarıblar. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Gəncənin Cavadxan qəsəbəsinə gedən yolda “Mersedes” markalı avtomobil Goranboy rayon Faxralı kənd sakini 27 yaşlı Röyal Abdullayevi vurub. Sürücü yaralını öz maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Zərərçəkənə tibb müəssisəsinin travmatologiya şöbəsində lazımi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Ağstafa rayonunda da piyadavurma hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev küçəsində baş verib. Hərəkətdə olan avtomobil Poylu kənd sakini 6 yaşlı Turan Muğalovu yolu keçmək istəyərkən vurub. Uşaq dərhal Rayon Mərkəzi Xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 439