Bigelow Aerospace özəl kosmik şirkəti United Launch Alliance müəssisəsi ilə birlikdə 2022-ci ilədək Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulunu çıxarmağı planlaşdırır.
Modulu buraxacaq raketdaşıyıcısı United Launch Alliance mütəxəssisləri tərəfindən hazırlanacaq, B330 modulunu isə Bigelow Aerospace şirkətinin ərsəyə gətirməsi nəzərdə tutulur. Bunun 14 metr uzunluğunda hava ilə doldurulmuş və diametri 7 metrə yaxın bölmə olacağı deyilir. Bu ölçüdə bölmə 6 nəfərdən ibarət ekipajla birlikdə həyat və iş üçün lazım olan avadanlığı daşıya biləcək. Əvvəlcə modul Yerətrafı orbitə çatdırılacaq. Bunun üçün xüsusi Vulcan 562 raketinin hazırlanması nəzərdə tutulur. Yer orbitində modul hava ilə doldurularaq sınağı keçirildikdən sonra raketdaşıyıcısının yanacaqla doldurulması üçün ona modulu Aya aparacaq daha iki yanacaq raketi göndəriləcək. Bigelow Aerospace prezidenti Robert Biqelou bildirib ki, layihənin məqsədi hökumətə kosmosda yaşayış bazasını tez, effektiv və ucuz qurmağı nümayiş etdirməkdən ibarətdir. O, ümid edir ki, oxşar hava ilə doldurulmuş modullardan gələcəkdə, məsələn, Marsın kəşfi üçün istifadə etmək mümkün olacaq. Kosmik şirkət tərəfindən hazırlanaraq qurulan modullardan biri 2016-cı ilin yazından Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərir. Dördmetrlik konstruksiyanın 2018-ci ildə ayrılması gözlənilir.
- Baxış: 397