Pul lazımlıdır, vacibdir. Kimisə yaşamından etmək üçün deyil, yaşaya bilmək, yaşada bilmək üçün vasitədir. Cinayətkar dəstənin üzvləri isə əl çirki dediyimiz puldan ötrü vicdanlarını çirkləndiriblər. Günahsız bir insanın ömrünü yarıda kəsiblər. İndi planlı bir qətlin təfərrüatlarını gətirəcəyik ekranlarınıza.
Füzuli rayon sakini Amal Nadirli sentyabr ayının 24-də Sumqayıt şəhəri ərazisində naməlum şəxslər tərəfindən döyülüb. Baş nahiyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına gətirilən zərərçəkən elə orada həyatını itirib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları qətlin üstünü açıblar. Polisin keçirdiyi əməliyyat nəticəsində Amal Nadirlinin ölümündə təqsirli bilinən Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Saray qəsəbəsində mərc oyunları məntəqəsində işləyən Amal Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə plan qurublar. Hazırlanan plana əsasən dəstə üzvü Kamran Qurbanov Əkbər İsgəndərovun mobil telefonu vasitəsilə Amal Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib.
Dəstənin digər 4 üzvü Çingiz Babayevin avtomobilində qurbanlarını təqib etməyə başlayıblar.
Sumqayıt şəhərinə çatanda isə Amal Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən Fərid Bağırov, Murad Eyvazov və Əkbər İsgəndərov növbə ilə həmin avtobusa minərək Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra Fərid və Murad Amala hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1699