• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 25.09.2017 14:54

Göygölün Üçtəpə kəndində nəqliyyat problemi yaşanır

KepezTV Player

İctimai nəqliyyat vasitəsinin nəzərdə tutulan xətt üzrə hərəkət etməməsi sərnişinləri təngə gətirib. Vəziyyət o həddə çatıb ki vətəndaşlar kilometrlərlə yolu piyada qətt etməli olurlar. Söhbət Gəncədən Göygölün Firuzabad qəsəbəsinə hərəkət etməli olan 31 saylı marşrutdan gedir. Bu marşrutun gündəlik sərnişini olan Üçtəpə kəndinin sakinləri problemin həllinə nail olmaq üçün ARB-nin qaynar xəttinə müraciət edib.

Üçtəpə kəndində yaşayan 100-dən çox ailə illərdir içtimai nəqliyyat vasitəsi kimi 31 saylı marşrutdan istifadə edib. Son 20 günədək. Səbəb marşrutun sonuncu dayanacağa qədər avtobusların getməməsidir.

Nəzakət Süleymanova – sakin: “Marşrtularımız işləmir. Yolda qalmışıq. Körpələrimiz piyada gedib gəlir”.

Gülnaz Cəfərova – sakin: “Onların sərnişin daşımağa heç bir sənədi yoxdur. İkisi dəlixanadan pensiyaya çıxıb. Yəni mən öz haqqımı tələb edirəm”.

Problemin həllinə nail olmaq üçün müxtəlif instansiyalara müraciət müsbət nəticə verməyib. 3 kilometrdən artıq yolu piyada qətt etməli olan sakinlər çarəni ARB-yə müraciətdə görüb.

Güllü Sadıqova – sakin: “Uşaqlarımız dizdən düşüb piyada gedib gəlməkdən. Birinci sinif uşağı bir belə yolu necə getsin. Məndə bu yaşda necə aparım. Bax mənim dərdim budur”.

Mahirə Cəfərova – sakin: “Buradan məktəbə 3 kilometr yoldu. Olmaz belə yaşamaq. Əvvəllər marşrut var idi. Nədənsə bilmirik pula görə nəyə görə onu kəsdilər. Bilmirik kimə deyək. Bir məsləhətli yer varsada bizə kömək edin”.

Sürücülər isə məsələyə özünəməxsus yanaşma edib. Sən demə illərdir gedilən yol marşurut xəritəsində olmayıb.

Ramiz Verdiyev – sürücü: “Qərarda yoxdu. Ora  ştatdan kənar gedib-gəliblər. Orada bir hadisə olsa sürücü məsuliyyət daşıyır. Bu marşrut Azniş-Bazar işləyib. Əvvəlki sürücülər ora gedib gəlib elə öyrədiblər. İndi də yol bağlıdı fırlanıb çatdırmaq olmur”. 

İntiqam Rəhimov – sürücü: “Bizim qarajdan olan xəttimizdə ora getmək yoxdu. Ora gedib gəlmək üçün 10 kilometr əlavə yol qətt edirsən. Günə də 10 dəfə gedib gələndə 100 kilometr olur. Qazandığımız yanacağa gedir”.

Sürücülərin gətirdiyi əsasa Üçtəpə kənd bələdiyyəsinin sədri - üç günə problem həll olunacaq vədi ilə cavab verir. Rza Məmmədov hətta - əgər 31 saylı marşrut əvvəlki qrafikinə qayıtmasa fəaliyyətinə bir dəfəlik xitam veriləcək deyib.

Rza Məmmədov - Üçtəpə bələdiyyəsinin sədri: “Gəncədən gələn 31 saylı marşrut bazarın yanından Firuzabad qəsəbəsinə girməlidir. Çox təssüflər olsun  ki 20 gündü bu marşrut öz qrafikindən çıxaraq Firuzabad qəsəbəsinə girmədən bazarın yanına qayıdır. Bizdə bunlara dəfələrlə xəbərdarlıq etmişik. Son xəbərdarlıq olaraq 3 gün vaxt vermişik ki əgər 3 gün ərzində öz qrafiklərinə yəni köhnə qrafiklərinə riayət etməsələr biz onların Üçtəpəyə girişinə qadağa qoycağıq. Özümüz yeni marşrut buraxacağıq”.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşınma İdarəsindən də məsələyə mövqe öyrəndik. Vəziyyətdən xəbərsiz olan qurumdan da problemin qısa zamanda həll oluncağı açıqlamasını aldıq.

 

Natiq Hüseyn