İnsanların heyvanlara konsert verməsi barədə eşitmişdik, amma robotların insanlar üçün konsert verməyini hətta düşünmək belə qəribə gəlir. Qərb alimləri bunun mümkün olduğunu sübut etməyə çalışıblar. Adətən mühəndislər robotları istehsalatda və gündəlik həyatdakı işləri asanlaşdırmaq üçün istifadə edirlər. Ancaq bəşər övladı həm də yaradıcılıq qabiliyyətinə sahibdir ki, kompüter sistemi üçün bunun öhdəsindən gəlmək qəliz məsələdir. İsveçrənin robotlar istehsal edən ABB şirkəti isə robotu orkestr dirijoru kimi sınamaq qərarına gəlib. İki əlli YuMi adlı robota tamamilə sərbəst şəkildə orkestrə rəhbərlik etməyi öyrətmək çətin olsa da, mühəndislər başqa çıxış yolu axtarmağa çalışıblar. Onlar filarmonik orkestrin dirijoru Lukki Andrea Kolombinidən robot üçün lazım olan hərəkətləri etməyi xahiş ediblər. Dirijor robotun əllərini öz əlləri kimi idarə edib, “ağıllı” qurğu isə analoji hərəkətləri qeydə alıb. Bütün hərəkətlər xüsusi proqram vasitəsilə müəyyən qədər redaktə edilib, bununla da musiqi ilə dirijor arasında yüksək dəqiqliklə vəhdət təşkil olunub. Musiqiçilərin dəmir dirijora öyrəşməyi bir qədər vaxt aparıb. Hazırlıqlardan sonra beynəlxalq robotexnikalar festivalı çərçivəsində Piza şəhərində yerləşən Verdi teatrında robotun başçılığı ilə ilk konsert təşkil olunub. Orkestr “Ümidin nəfəsi: Stradivaridən robota” adlı proqram ifa edib. Kompozisiyalardan birində isə tenor kimi Andrea Boçelli iştirak edib. Uğurlu çıxışa baxmayaraq, istehsalçılar bildiriblər ki, robot əsl dirijoru əvəz edə bilməz. Çünki qurğu qeydə aldığı hərəkətləri eləyir. Əgər orkestr tempdən kənara çıxarsa, robot-dirijor improvizə etmək və bu prosesə uyğunlaşmaq iqtidarında olmayacaq.
- Baxış: 401