Tanışı ilə mübahisəsi ona baha başa gəldi== Yenə soyuq silahı əllərinə aldılar, iki nəfəri qanına qəltan etdilər. Görünür vicdan susanda qəddarlıq pik nöqtəyə çatır. Çünki, biri qarət etmək istədiyi yaşlı kişini xəstəxanalıq elədi, digəri tanışını onunla mübahisəyə peşman etdi.
Bıçaqlanma hadisələrindən biri paytaxtın Suraxanı rayonu, Şərifzadə küçəsində baş verib. 70 yaşlı Məmmədhüseyn Musazadə tanımadığı şəxsin hücumuna məruz qalıb. Yaşlı kişinin boğaz nahiyəsinə və bədəninə 2 bıçaq zərbəsi vurulub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər. Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir. Dəqiq səbəb araşdırmalarla bilinəcək. Daha bir qanlı olay Abşeron rayonu Masazır qəsəbəsində yaşanıb. 34 yaşlı Niyazi Fərzəliyev tanışı ilə mübahisə edib, nəticədə bıçaqlanıb. Fərzəliyevi bud nahiyəsindən yaralayan şəxs ərazidən uzaqlaşıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Hadisə barədə xəbər tutan Abşeron polisi isti izlərlə cinayət törədən şəxsi saxlayaraq, istintaqa təhvil verib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 531