Günü açar-açmaz sarsıdıcı qəza xəbərləri eşitdik. Çox təəssüf ki, yollardan gələn bəla bu dəfə də ölümə səbəb oldu. Salyanda, Biləsuvarda və Bakıda qeydə alınan hadisələrdə xeyli sayda ölən və yaralanan şəxslər var. Səhiyyə Nazirliyinin məlumatına görə, Salyanda dünyasını dəyişən qadınlardan biri hamilə olub.
Ələt-Astara magistral yolunun yeni çəkilmiş, lakin hələ istismara verilməmiş 60-cı kilometrliyində, Salyanın Sarvan kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Yol tikintisi şirkətində fəhlə işləyən, Saatlı rayon sakini, 27 yaşlı Babək Hüseynov idarə etdiyi “Vaz” markalı avtomobillə yeni çəkilmiş magistral yolda hərəkətdə olarkən “Mersedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Salyan şəhər sakinləri, 37 yaşlı Arzu Əhədova, 52 yaşlı Sevinc Baxşıyeva, 33 yaşlı Vəfa Qasımova və 59 yaşlı Gilas Əhədova hadisə yerində dünyasını dəyişib. 2 nəfər-“VaZ”ın sürücüsü və 27 yaşlı Fərid Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri cəlb olunub. “Vaz” da sıxılıb qalmış meyitlər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Xəsarət alanlar isə Salyan mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Dünyasını dəyişən qadınlar Ələt-Astara magistral yolunu çəkən şirkətlərdən birinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirmiş.
Biləsuvarun Nəsimi kənd kəndindəki çöllük ərazidə pambıqçıları evə gətirən rayon sakini Ruhin Əliyevin idarə etdiyi mikroavtobus anidən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı mikroavtobusda olan 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra 15 nəfər abmulator mualicəyə buraxılıb, 6 nəfər isə xəsarətləri ağır olduğu üçün xəstəxanada müalicələrini davam etdirirlər. İlkin ehtimala görə, qəzaya sürücünün səhlənkarləğı və mikroavtobusa həddən çox sərnişin götürməsi səbəb olub.
Paytaxtın Nəsimi rayonunda, Bakıxanov və Səməd Vurğun küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi olub. 20 yaşlı Pənah Quliyevin idarə etdiyi Mopedlə İlqar Quliyevə məxsus Lada Priora markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Mopedin sürücüsü Pənah Quliyev xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə yerində yol polis əməkdaşları olublar. Verilən məlumata görə, qəzaya Mopedin işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət etməsi səbəb olub. Nəsimi rayonunda daha bir qəza Azadlıq prospektində baş verib. Yolu keçmək istəyən 17 yaşlı Taleh Vəliyevi naməlum avtomobil vurub. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Vəziyyəti qənaətbəxşdir. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərərfindən hadisəni törədən sürücünün kimliyi müəyyənləşdirilir. Abşeron rayonunda, Hökməli qəsəbəsi ərazisində də piyadavurma hadisəsi qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən 47 yaşlı Zemfira Hidayətovanı vurub. Yaralı qadın ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Faktlarla əlaqədar araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 372